Əhali kreditləri qaytara bilmir

10:13 - 3 Oktyabr 2017 - İQTİSADİYYAT

Oktyabrın 2-də keçirilən Milli Məclisin iclasında ən çox müzakirə olunan məsələlərdən biri də bankların durumu olub. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Əli Məsimli və Vahid Əhmədov problemli kreditlər məsələsinə toxunublar. Əli Məsimli borcluların həbs edilməsini qınayıb və bildirib ki, qaytarılması mümkün olmayan borclarla bağlı məsələnin uzadılmasının mənası yoxdur.

Deputat Vahid Əhmədov isə Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətini tənqid edib, problemli kreditlərin həcminin azalmaqdansa, daha da artdığını diqqətə çatdırıb. Deputat qeyd edib ki, problemli kreditlərin miqdarı artıq 1,8 milyardı keçib.

“Yeni Müsavat”a açıqlamasında bank sektorundakı hazırkı durumunu şərh edən iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov isə  bankların kredit verməkdə çətinlik çəkdiyini dilə gətirdi və bunun böhrana yol açdığını vurğuladı: “Banklar hazırda  kredit verir. Amma əvvəlkindən xeyli az, çünki hələ də əvvəlki həcmi bərpa edə bilməyiblər. Yaxın bir neçə ildə də əvvəlki qədər kredit verməyi bərpa edə bilməyəcəklər. Böhran da elə məhz bundan ibarətdir. Səbəbləri isə çoxdur. Əsas səbəb odur ki, bankların çoxunun depozit bazası xeyli azalıb. Çünki banklara etimad sarsılıb. Əhali əmanətlərini çıxarır, şirkətlər də o cümlədən. Biznes mühiti pisləşdiyi üçün şirkətlərin bir qismi bağlanıb və s. Mərkəzi Bank da banklara verilən kredit həcmini azaldıb. Deməli, kredit vermək üçün banklarda pul çatmır».

Ekspertin sözlərinə görə, banklar olan pulun da bir qismini Mərkəzi Banka əmanət kimi yerləşdirirlər: “Qalan pulun da hamısını kredit verə bilmirlər. Əvvəla, ona görə ki, faiz dərəcəsi artıb. Normal şirkət yüksək faizlə kredit götürmür, vətəndaşlar da o cümlədən. Belə ağır şərtlərlə kredit götürmək istəyənin isə deməli, vəziyyəti yaxşı deyil, əlimyandıdadır. Buna görə də banklar da daha ehtiyatlı olub. Bütün bunlar o deməkdir ki, ölkənin bank sistemi iflic olub, pul dövriyyəsi dərin tənəzzülə uğrayıb. Bunun iqtisadiyyatımız üçün acı nəticələri hələ xeyli müddət hiss olunacaq. O cümlədən problemli kreditlər məsələsi də açıq qalıb. Dollar kreditləri üzrə hələ də heç bir qərar yoxdur. Bəzi banklar cüzi güzəştlər edir ki, təki kreditləri qaytaranların sayı artsın. Amma ümumən borcluların xeylisi artıq müflisləşib. Belə şəraitdə dövlətin ciddi proqramı olmalı idi, amma o da yoxdur”.

Əkrəm Həsənov problemli kreditlərin heç də hamısının vətəndaşlara aid olmamasına diqqət çəkdi: “Dövlət hələ də banklarda yoxlama aparıb müəyyən etməyib ki, problemli kreditlərin əksəriyyəti hara gedib. Məsələn, müflisləşmiş ən iri bankın - ”Bank Standard"ın misalında biz əyani görürük ki, problemli kreditlərin yalnız cüzi hissəsi vicdanlı borclularla bağlıdır. Əksər hissəsi bank rəhbərlərinin və Mərkəzi Bankın sövdələşməsi nəticəsində, sadəcə, bankdan kredit adı ilə çıxarılıb. Nəticədə minlərlə bank əmanətçisinin pulu bankda ilişib qalıb.

Onlara kömək edən də yoxdur. Amma bankların özü vicdanlı müştərilərə kredit verəndə və sonuncular obyektiv səbəbdən pulu qaytara bilmədikdə, başlarına oyun açılır. Bütün bunlar bank sistemimizin ədalətsiz və qeyri-şəffaflığından xəbər verir. Belə getsə, böhran daha da dərinləşəcək". 

Xəbər xətti