Azərbaycanda Əczaçılıq Məhsulları İstehsalçıları Assosiasiyası yaradılacaq

16:48 - 28 Sentyabr 2017 - İQTİSADİYYAT

İqtisadiyyat Nazirliyi ilə “Hayat Pharm” MMC arasında Anlaşma Memorandumu imzalanıb
Bakıda keçirilən 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2017” Sərgisi çərçivəsində İqtisadiyyat Nazirliyi və “Hayat Pharm” MMC arasında əczaçılıq sənayesinin yaradılması və inkişafının dəstəklənməsinə dair Anlaşma Memorandumu imzalanıb. Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, sənədi İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və “Hayat Pharm” MMC-nin baş direktoru Ramin Hacıyev imzalayıblar. 

Anlaşma Memorandumuna əsasən, Azərbaycanda Əczaçılıq Məhsulları İstehsalçıları Assosiasiyası yaradılacaq, əczaçılıq məhsullarının ixracının təşviqi üzrə təkliflər hazırlanacaq, yeni əczaçılıq məhsullarının istehsalına və bu sahədə elmi-tədqiqat fəaliyyətinə investisiya qoyuluşu təşviq ediləcək. 
Qeyd edək ki, “Hayat Pharm” MMC ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisində iştirak edir. Pirallahı Sənaye Parkında əczaçılıq məhsullarının istehsalını həyata keçirəcək “Hayat Pharm” MMC Azərbaycan-Rusiya birgə müəssisəsidir. Müəssisədə Azərbaycanın “Vita-A” şirkəti  45%, “Azərbaycan İnvestisiya Şirkəti” 10% və Rusiya Federasiyasının “R-Pharm” şirkəti 45% paya malikdir. 


Xəbər xətti