Bu il Azəbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstana 1,65 mlrd. kubmetr qaz ixrac etməyi, “Azərenerji” ASC-yə isə 4,55 mlrd. kubmetr qaz verməyi proqnozlaşdırır.
“Report” xəbər verir ki, bu barədə “İki Sahil” jurnalına müsahibəsində SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov bildirib.
O, bu il “Şahdəniz” yatağından alınacaq qazın Azərbaycana çatacaq hissəsi barədə də məlumat verib: “2017-ci ildə “Şahdəniz”dən hasil ediləcək qazın 3 mlrd. kubmetri Azərbaycana, 5,96 mlrd. kubmetri Türkiyəyə, 0,8 mlrd. kubmetri Gürcüstana veriləcək. Bununla yanaşı “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən qazın 2,5 mlrd. kubmetrinin Azərbaycana verilməsi, 8,7 mlrd. kubmetrinin isə lay təzyiqinin saxlanması üçün “Mərkəzi Azəri” platformasında laya vurulması proqnozlaşdırılıb”.
SOCAR rəsmisi həmçinin qeyd edib ki, “Şahdəniz 2” layihəsi üzrə nəzərdə tutulmuş iş həcminin ümumilikdə 90%-i tamamlanıb.