İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum sentyabrın 14-də Zaqatala rayonunda keçirilib. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Zaqatalada həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Zaqatala rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan tütünçülük, çayçılıq və bağçılıq təsərrüfatlarının, tütünqurutma kameralarının, tütün, çay və fındıq emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İşgüzar forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, 2017-ci ilin ötən dövrü ərzində 1100-dən çox sahibkara 74 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3100-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradır.
Ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2251 investisiya layihəsinin maliyyələşdirilməsinə 100,4 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində Zaqatala və ətraf rayonlardan olan sahibkarlara 767 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, aqroparkın yaradılması, heyvandarlıq, tütünçülük, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Zaqatala rayonunda güzəştli kreditlər hesabına yaradılmış tütünçülük və fındıqçılıq təsərrüfatlarına baxış keçirilib.
Ümumilikdə, indiyədək ölkədə tütünçülüyün, çayçılığın və fındıqçılığın inkişafı ilə bağlı 270 sahibkara 24 milyon manat güzəştli kredit verilib.