Əmlak Məsələləri Dövlət Komitəsi bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib. Komitədən verilən məlumata görə, hərracda 3 kiçik dövlət müəssisəsi, 11 qeyri-yaşayış sahəsi özəlləşdirilib.
Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi və 11 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi sahibini tapıb. Paytaxt üzrə özəlləşən kiçik dövlət müəssisəsi Sabunçu rayonunda yerləşən 70/1 saylı mağazadır. Adı çəkilən obyektin torpaq sahəsi 186 kv.m, ümumi faydalı sahəsi isə 154 kv.m təşkil edir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektləri Suraxanı, Nəsimi, Binəqədi, Nərimanov və digər rayonlarda yerləşir. Özəlləşdirilən qeyri-yaşayış obyektlərinin sahələri 13 kv.m ilə 134 kv.m arasında dəyişir.
Regionlarda da hərraclar keçirilib. Bölgələr üzrə özəlləşdirilən hər iki kiçik dövlət müəssisəsi Lerikdə yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Sabunçu rayonunda yerləşən 70/1 saylı mağaza olub. Əlverişli olması ilə seçilən daha bir kiçik dövlət müəssisəsi Lerik xalça sexinin əmlak kompleksidir. Həmin əmlakın torpaq sahəsi 4 min 500 kv.m-dən çox, ümumi faydalı sahəsi isə 1500 kv.m-ə yaxındır.
Lerik xalça sexinin əmlak kompleksi kimi müəssisələrin özəlləşdirilməsi və yenidən fəaliyyətə cəlb edilməsi həm kənd təsərrüfatı həm də yüngül sənayenin inkişafına töhvə verir. Bu isə daxili geyim tələbatımızın ödənilməsinə, xarici bazarlardan asılılığımız aradan qalxmasına səbəb olur. Eyni zamanda, ölkədən vəsait çıxmamaqla yanaşı bu, ixrac potensialının artırılması ilə kapital axınına imkan yaradır. Bundan başqa, özəlləşdirilən əmlakların paytaxtla yanaşı, regionlarda yerləşməsi də bölgələrdə yeni iş yerlərinin açılmasına, regionların iqtisadi potensialının artmasına şərait yaradır.
Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Qaradağ rayonunda yerləşən sahəsi 14,2 kv.m-ə yaxın olan qeyri yaşayış obyektidir. Hərraca çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Bura iri müəssisələrlə yanaşı kiçik obyektlər və nəqliyyat vasitələri daxildir. Müəssisələr sənaye, tikinti, xidmət, nəqliyyat və digər iqtisadi sahələri əhatə edir. Belə əmlaklar sahəsi, mövcud vəziyyəti və yerləşdiyi zonadan asılı olaraq müxtəlif start qiyməti ilə təklif olunur.
Bildirilir ki, Komitə tərəfindən növbəti hərrac sentyabrın 19-da keçiriləcək. Hərracda 166 dövlət əmlakı özəlləşdirilməyə çıxarılacaq. Bunlardan 63-ü kiçik dövlət müəssisə və obyekti, 83-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 20-i isə səhmdar cəmiyyətidir.