Belarusda Azərbaycan Ticarət Evi uğurla fəaliyyət göstərir

13:38 - 25 Avqust 2017 - İQTİSADİYYAT

Yaranmasından qısa müddət keçməsinə baxmayaraq, artıq Azərbaycan Ticarət Evi vasitəsilə ölkəmizdən Belarusa 84 tondan artıq meyvə-tərəvəz məhsulları (pomidor, gavalı, armud, şaftalı, nektarin, yaşıl zeytun və zeytun məhsulları, o cümlədən 8000 şüşəyə yaxın zeytun yağı, zeytun mürəbbəsi, 2700 şüşəyə yaxın nar şirəsi, 1200 qutudan artıq çay) ixrac edilib. Bundan başqa, Azərbaycan istehsalı olan məhsulların Belarusda satışının təşkili məqsədilə Ticarət Evi ilə həmin ölkənin bir sıra iri ticarət şirkətləri arasında müqavilələr bağlanıb.
Azərbaycan məhsullarının Belarusa ixracının genişləndirilməsi üçün tədbirlər davam etdirilir. 
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən, Azərbaycanda istehsal edilən məhsulların ixracının təşviqi və genişləndirilməsi, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması, yerli məhsulların satışı sahəsində fəaliyyətin bilavasitə həmin ölkələrdə təşkili və əlaqələndirilməsi məqsədilə Belarus Respublikasının Minsk şəhərində Azərbaycan Ticarət Evi yaradılıb. Azərbaycan Ticarət Evi hər iki ölkənin dövlət və hökumət nümayəndələrinin, iş adamlarının iştirakı ilə bu ilin 26 may tarixində açılıb. Ümumi sahəsi 529 m² olan Azərbaycan Ticarət Evinin 364 m²-lik sahəsində Azərbaycan məhsullarının daimi sərgisi fəaliyyət göstərir. Sərgidə Azərbaycan müəssisələrinin istehsal etdiyi müxtəlif növ ərzaq və qeyri-ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz və onlardan emal olunmuş məhsullar (meyvə şirələri, kompotlar, konservlər, mürəbbələr, turşular, bitki yağları), çay, mineral sular, spirtli içkilər (şərab, konyak), xalça, tekstil, ipək və kosmetika malları, elektrik avadanlıqları, plastik məmulatlar və s. nümayiş olunur.


Xəbər xətti