Metro vaqonlarında kondisionerin olmaması və sıxlıq insanları narahat edir. Yayın bu istisində insanlar vaqonlarda nəfəs almağın mümkün olmadığını bildirirlər. Sıxlıq olanda isə insan sanki özünü cəhənnəmdə hiss edir. Ucnoqta.az Musavat.com-a istinadən xəbər verir ki, sərnişinlər vaqonlardakı pəncərələri açsalar da sərin hava vurmur. Kondisionerli yeni 1-2 ədəd qatar istifadəyə verilib. Artıq oda kimin şansına düşərsə, minir.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, iyul ayının 10-dan metropolitendə qatarların hərəkətində yay qrafikinin tətbiqinə başlanılıb. Qrafikə uyğun olaraq, tərtib edilən cədvələ görə, bir saat ərzində hərəkət yükü nəzərə alınaraq, xətlərdə qatarlararası intervallarda dəyişikliklər edilib. Gur saatlarda “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə interval 2,5 dəqiqə olacaq. Qalan vaxtlarda bu istiqamətdə, əsasən, 3 dəqiqəlik intervalla hesablanmış hərəkət təşkil ediləcək.
Məlumdur ki, metropolitendə iki xətt olsa da, qatarlar yolun əsas hissəsini bir xətt üzrə qət edir. Buna görə də “28 May” stansiyasından sonra hərəkət zamanı həm “İçərişəhər”, həm də “Dərnəgül” stansiyaları istiqamətində interval iki dəfə artır. Buna uyğun olaraq, həmin sahələrdə qatarlar gur saatlarda 5, digər vaxtlarda isə 6 dəqiqə uzaqlıqda olmaqla hərəkət edir. Qeyd edək ki, gur hərəkət səhər saat 8-dən 10-a, axşam isə 6-dan 9-un yarısına qədərdir. Yalnız gecə saatlarına yaxın və qeyri-iş günləri hərəkət fərqli intervalla təşkil edilir. Yay qrafiki yeni tədris mövsümünə qədər qüvvədə olacaq.
Yay mövsümünə keçid və intervallar müəyyən olunsa da, metro istifadəçiləri son vaxtlar intervallarda gecikmə yarandığını və buna görə də sıxlıq yaşandığını bildirirlər. Redaksiyamıza daxil olan şikayətlərə görə əvvəllər 5 dəqiqəyə gələn qatarın indi 6-7 dəqiqəyə gəldiyi, 20 yanvar metrosunda isə qatarın hətta 8 dəqiqəyədək gecikdiyi deyilir.
Biz də bu gecikmələrin səbəbini öyrənmək, həm də hər kəsi düşündürən yeni, kondisionerli qatarların nə zaman istifadəyə buraxılacağını öyrənmək üçün Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq. N.Paşayev gecikmənin olmadığını dedi: “Pik saatlarda qatarın gəlmə vaxtı 5-6 dəqiqədir. Qeyri pik saatlarda, axşam saatlarında, xüsusən də istirahət günlərində bir az fərq olur. Biz bunu əvvəldən elan etmişik. Qatarlarımız istismar müddətini başa vurduqdan sonra onlar yeni qatarlarla əvəzlənəcək. Yəqin ki, bu proses 1-2 ildən sonra başlayacaq. Hazırkı qatarlar istismar müddətini başa vurmayıb. Onlar istismar müddətini başa vurmasa onları çıxarda bilmərik. İstismar müddəti bitən qatarlar xətdən çıxarılandan sonra onun yerinə müasir qatarlar alınacaq. Hazırda istifadə edilən qatarlar rus istehsalı olduğu üçün istehsalçı tərəfindən kondisioner quraşdırılması nəzərdə tutulmayıb”.