Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədiqiqi mərhələsi başa çatıb. Cinayət işində olan sənədlər hakim tərəfindən elan edilib. İclasda çıxış edən A. Çovdarov əmlakı barəsində geniş izahat verib. O bildirib ki, üzərinə həbs qoyulan əmlakın 99 faizi ona məxsus deyil. A. Çovdarov bir bağı və bir evinin olduğunu deyib, qohumların əmlakı üzərinə həbs qoyulduğunu bildirib.
Proses avqustun 9-da davam edəcək.