Tekstil istehsalçıları və ixracatçıları yeni assosiasiyada birləşir

14:49 - 11 İyul 2017 - İQTİSADİYYAT

Ölkədə fəaliyyət göstərən tekstil istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub.
Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, bununla bağlı iyulun 11-də Bakı Biznes Mərkəzində keçirilən tədbirdə rəsmi şəxslərlə yanaşı, tekstil istehsalı və ixracı ilə məşğul olan sahibkarlar iştirak edib.
Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sahibkarlığın inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Dövlət başçısının iqtisadi islahatlar paketi çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verən Sahib Məmmədov sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılmasının, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsinin, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə apellyasiya şuralarının yaradılmasının, investisiyanın təşviqi sənədinin verilməsinin və digər tədbirlərin özəl sektorun inkişafında xüsusi rolunu vurğulayıb. Bildirilib ki, tekstil istehsalı və ixracı ilə məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirmək, onlar arasında əməkdaşlığı genişləndirmək məqsədilə yaradılan assosiasiyanın fəaliyyəti tekstil istehsalının artırılması, ölkənin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olacaq. İqtisadiyyat Nazirliyi tərəfindən assosiasiyanın fəaliyyətinin təşkilinə lazımi dəstək göstəriləcəkdir. 
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov son illər qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində genişmiqyaslı tədbirlərin, qabaqcıl beynəlxalq təcrübəyə uyğun müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib, Konfederasiyanın yeni yaradılan assosiasiya ilə yaxından əməkdaşlıq edəcəyini vurğulayıb.
Tekstil sahəsində fəaliyyət göstərən iş adamları çıxış edərək, istehsal etdikləri məhsullar barədə məlumat verib, bu sahənin inkişafı ilə bağlı təkliflərini səsləndiriblər. 
Sonra tədbir iştirakçılarının təklifi əsasında assosiasiyanın təsis olunması məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub. Assosiasiyanın dövlət qeydiyyatı ilə bağlı təşkilati məsələlərə dair müzakirələr aparılıb, idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. “Gilan Textile Park” MMC-nin rəhbəri Mehriban Axundova “Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın İdarə Heyətinin sədri seçilib.
Sonda tekstil sahəsinin inkişafı barədə sahibkarlarla müzakirələr aparılıb.

 

Xəbər xətti