AFFA prezidenti: "Top yumru, meydan düzdü"

10:11 - 11 Mart 2017 - İDMAN

Rövnəq Abdullayev: Almaniya bizim oyun sirlərimizi öyrənəcəkdi?


"Futbolçularımızı təbrik edirəm. Yaxşı oyun sərgilədilər". Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib. O, Azərbaycan milli komandasının martın 9-da Dohada keçirilmiş yoldaşlıq görüşündə Qətər yığması üzərində 2:1 hesablı qələbəsini şərh edib: "Düzdü, oyunu yayımlamaq imkanı olmadı. Bu, Qətərin istəyi ilə baş verdi. Bizdən asılı deyildi. Yığmamızın oyunumuzu kim izləyəcəkdi ki? Almaniya? Onlar bizim oyun sirlərimizi öyrənəcəkdilər? Qətər tərəfi belə istəyibsə, problem yoxdu. Millimiz normal çıxış etdi. Yəqin ki, oyunun videoyazısını göstərərlər".
 Abdullayev Almaniya ilə martın 26-da Bakıda keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçına hazırlıq barədə də danışıb. O, hazırlıq prosesinin qaydasında getdiyini açıqlayıb: "Görək, necə olacaq. Hər şey mümkündü. Top yumru, meydan düzdü".
 Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya görüşü saat 20:00-da başlanacaq.

Xəbər xətti