Azərbaycanda kifayət qədər fermer təsərrüfatının olmasına baxmayaraq, mal ətinin qiymətində artım müşahidə edilir. "Report"un məlumatına görə, heyvandarlıqla məşğul olan fermerlər bahalaşmaya əsas səbəb kimi mal-qaraya verilən yemlərin qiymətinin artmasını göstərirlər: "Məsələn, heyvanlara verilən yemin qiyməti əvvəllər bir çuval üçün 5-6 manat idisə, 2016-cı ilin sonunda bu qiymət 7-8 manatadək yüksəldi. Hazırda isə yemin bir çuvalı 10-12 manata satılır. Otun qiymətində də artım var. Hər bağlamada qiymət artımı 1 manat, 1 manat 50 qəpik təşkil edir, yəni əvvəllər bu qiymət 4 manatadək idisə, indi otun bir bağlaması 5 manatdan başlayan qiymətə satılır. Ən böyük artım isə kəpəyin qiymətindədir. Burada qiymət artımı iki dəfədən də çoxdur. 2 manata olan kəpək indi alıcılara 4 manat 50 qəpik - 5 manat arasında qiymətə satılır". Qeyd edək ki, qış aylarında mal-qara üçün yem bazasının əsasını təşkil edən quru otun, kəpəyin, kökəltmə yemlərinin demək olar hamısı bahalaşıb. "Report"un əməkdaşları Bakıda yerləşən ən böyük marketlər şəbəkələri arasında qiymətlərlə bağlı araşdırma aparıb. Aşağıda həmin araşdırmanın nəticələrini əks etdirən cədvəli təqdim edirik:
Cədvəldən də göründüyü kimi, ətin növündən və marketlərdən asılı olaraq, qiymətlərdə 15-25% artım müşahidə edilir.