Rəşad Sadıqov: "Qətəri udmağımızın Almaniya ilə oyunda bizə üstünlük verəcəyini demək olmaz"

11:47 - 10 Mart 2017 - İDMAN

“Qarşılaşma maraqlı alındı. Hər iki komanda texnikalı oyuna üstünlük verdi. Komandamız Qətər millisinə qarşı yaxşı mübarizə apardı. Rəqibin də qol vurmaq üçün imkanları oldu". "Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov səfərdə Qətərə 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra affa.az-a açıqlamasında deyib. O bildirib ki, bu qələbə Almaniya yığması ilə martın 26-da keçicərəkləri DÇ-2018-in seçmə qrup matçından öncə komandaya psixoloji baxımdan müsbət təsir göstərə bilər: "Qalib gəlmək istəyirdik. Çünki məğlub olan zaman komandaya təzyiq də artır. Uşaqlar həm yaxşı oynadılar, həm də uğurlu nəticə qazandıq. Oyundan-oyuna fərq var. Demək olmaz ki, Qətər millisini məğlub etməyimiz Almaniya yığması ilə oyunda bizə üstünlük verəcək. Ancaq komandamızın inkişafı üçün bu qələbə az əhəmiyyət kəsb etmirdi. Ümumi götürdükdə, qələbənin faydası olacaq. Baş məşqçi yeni futbolçulara özlərini göstərmək üçün şans verdi. Həm də son rəsmi oyunumuzda böyük hesabla məğlub olmuşduq. Özünəinamı qaytarmaq üçün Qətər yığması üzərində qələbə yaxşı oldu”.

Xəbər xətti