“Özünəinamı artırmaq üçün bu oyunda qələbə qazanmaq vacib idi. Komanda pis təsir bağışlamadı. Qətər yığması da zəif komanda deyil və bu gün yaxşı futbol oynamağı bacardıqlarını sübut etdilər". Ucnoqta.az AFFA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki səfərdə Qətərlə oyundan sonra (2:1) deyib. Xorvat mütəxəssis bildirib ki, qələbə qazanmalarına baxmayaraq, komandada problemlər var: "Qələbə qazansaq da, komandada problemlər var və üzərində işləməliyik. Futbolçularım meydanda əzmkarlıq nümayiş etdirdilər. Ümumi götürdükdə, komandanın çıxışından razı qaldım. Bizim üçün vacib sınaq idi. Bu oyunda yeni futbolçulara şans verdim. Tellur Mütəllimov ilk dəfə milli komandanın forması altında meydana çıxdı. Onun çıxışı məni qane etdi. Mahir Mədətov oyuna yaxşı qoşuldu, Cavid Hüseynov uzun fasilədən sonra əsas millinin heyətində yer aldı və xoş təsir bağışladı. Yenə deyirəm, bəzi məqamlar var ki, üzərində işləməliyik”.