2016-cı ildə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ilə ümumi yükaşırmanın 2015-ci illə müqayisədə 47 % artaraq 4,5 mln. tona çatıb. Ucnoqta.az xəbər verir ki, bu barədə Limandan bildirilib. Məlumata görə, yükaşırmanın 87%-i tranzit yüklərinin payına düşüb. Ən böyük artım təkərli texnikanın, xüsusilə iri həcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında qeydə alınıb.
Belə ki, əvvəlki ilə nisbətən Limanın xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 3 dəfəyə yaxın artaraq 23 415 olub. Bunların 13 791 ədədi (58,3%-i) Bakı-Aktau-Bakı istiqamətində, 9 850 ədədi (41,7%-i) isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.
2015-ci il ilə müqayisədə TEU ekvivalentində konteynerlərin aşırılması 28,5% artaraq 17 100 TEU təşkil edib. Neft və neft məhsullarının aşırılması isə 2 dəfəyə yaxın (87,5%) artaraq 1,575 mln. tona çatıb. Ələt qəsəbəsində yerləşən yeni Bərə Terminalında vaqon aşırılması 17,4% artaraq 36 896 ədəd təşkil edib. Bunlardan 11 109 vaqon (30,1%) Bakı-Aktau-Bakı istiqamətində, 25 787 vaqon (69,9%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib. Hər iki istiqamətdə sərnişindaşıma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artaraq 20 203 nəfər olub.
İl ərzində Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı 8,2% artaraq 418,1 min ton olub. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlərin və tikinti materiallarının idxalının payına düşüb.