“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi əsasında Bakı Gəmiqayırma Zavodunda Xəzər dənizində ilk olacaq iki ədəd yeni unikal “Ro-Pax” tipli bərə gəmisi inşa edilir”. Ucnoqta.az xəbər verir ki, bunu Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov “Azərbaycan” qəzetində dərc edilən məqaləsində bildirib.
Onun sözlərinə görə, QSC maddi imkanları hesabına ötən 3 ildə quru yük gəmiləri, neft tankerləri, təchizat və sərnişin gəmiləri alıb: “Bununla donanmanın yenilənməsi istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda, müasir tələblərə cavab verən 7-13 min ton yükgötürmə qabiliyyətinə malik olan tankerlərin sifarişi nəzərdə tutulub. Bakı Gəmiqayırma Zavodunda 2017-ci ilin aprel ayına qədər inşasının başa çatdırılması planlaşdırılan, regionda analoqu olmayan xüsusi təyinatlı “Xankəndi” gəmisi 2017-2027-ci illər ərzində “Şahdəniz-2” layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək. 155 metr uzunluğa, 32 metr enə, 13 metr hündürlüyə malik olacaq gəminin 2,5 metr hündürlüyündə böyük dalğalarda (Hs) fəaliyyət göstərə bilməsi üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 900 tonluq əsas kranı, iki ədəd 18 nəfərlik dalğıc kapsulu sistemi, iki ədəd məsafədən idarə olunan aparatı, möhkəmləndirilən avadanlıq endirmə şaxtası olacaq”.
Q.Qurbanov vurğulayıb ki, bu sifarişlər yalnız Xəzər Dəniz Gəmiçiliyinin donanmasının yenilənməsi üçün deyil, həmçinin Azərbaycanın yerli gəmiqayırma təcrübəsinin zənginləşməsi üçün çox mühümdür: “Dünya ticarət məhsullarının 80%-dən artıq hissəsinin təhlükəsiz, maddi cəhətdən sərfəli və ətraf mühitə daha az mənfi təsir göstərməklə daşınması məhz dəniz nəqliyyatı vasitəsi ilə həyata keçirilir. Hazırda donanmada sərnişin bərələri, “ro-ro” tipli gəmilər, neft tankerləri, quru yük gəmiləri, boru kəməri çəkən, elmi-tədqiqat, qəza-xilasetmə, yedək və dalğıc gəmiləri, torpaqqazan, həmçinin analoqu olmayan iritonnajlı kran gəmiləri mövcuddur”.
"Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında" Tvinninq Layihəsi çərçivəsində Administrasiya tərəfindən hazırlanan 9 layihədən artıq 7-si (Dəniz Limanları Reyestrinin aparılması Qaydaları, Gəmi agenti haqqında Əsasnamə, Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın forması, qüvvədə olma müddəti, verilmə və ləğv edilməsi Qaydaları, Azərbaycanın ərazi sularında üzmə Qaydaları, Limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi Qaydaları, Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi Qaydaları və Dəniz terminalının operatoru tərəfindən realizə olunan yükün və ona görə hesablaşmaların uçotu Qaydaları) təsdiq olunub. Eyni zamanda, sözügedən Tvinninq Layihəsi çərçivəsində dəniz üzgüçülüyünün təhlükəsizliyi üzrə Azərbaycan qanunvericiliyinin Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiyaya uyğun olaraq təkmilləşdirilməsi ilə bağlı bir sıra mühüm sənədlər işlənib hazırlanıb”, - deyə Q.Qurbanov bildirib.