Neftin qiymətləri enməyə başlayıb

12:36 - 26 Oktyabr 2016 - İQTİSADİYYAT

Dünya bazarında neft qiymətləri Amerika Neft İnstitutu (APİ) tərəfindən açıqlanan hesabatdan sonra enməyə başlayıb. "Report"un "İnvesting.ru" saytına istinadən verdiyi xəbərə görə, APİ-nin həftəlik hesabatına əsasən, ABŞ-da xam neft ehtiyatları oktyabrın 17-23-də 4,8 mln. barel artıb. Qeyd edək ki, bundan əvvəlki həftədə xam neft ehtiyatı 3,8 mln. barel azalmışdır. Bununla yanaşı, benzin ehtiyatları 1,7 mln. barel artıb. Göstəricinin açıqlanmasından sonra "Brent" markalı neftin qiyməti 51,5 dollar/bareldən 2,5% azalma ilə 50,2 dollar/barelə enib.
Xatırladaq ki, bu gün ABŞ Energetika Nazirliyi Energetika informasiyaları İdarəsinin neft ehtiyatları üzrə rəsmi həftəlik hesabatı açıqlanacaq. Analitiklərin proqnozları xam neft ehtiyatının 800 min barel artacağını göstərir.
"Report"un analitik qrupu bu gün ABŞ Energetika Nazirliyinin hesabatında neft ehtiyatlarında artımın proqnozlardan kifayət qədər artıq olacağını ehtimal edir. Bununla yanaşı, bu həftə neft ölkələrinin iclası gözlənilir. İclasda noyabrın 30-da Vyanada keçiriləcək OPEC sammitindən öncə hasilatçı ölkələrin kvotalarının müəyyənləşdirilməsi planlaşdırılır. Xatırladaq ki, iclasa Azərbaycan da dəvət olunub. Artıq iclasa dəvət olunan olkələrdən biri, Avropanın əsas neft hasilatçısı olan Norveç dəvəti qəbul etməyib. Bu da onu göstərir ki, neft hasilatçısı ölkələrin hasilatla bağlı konsensusa gəlməsi çətin olacaq. Bu amil neft qiymətlərinə mənfi təzyiq göstərir. "Brent" markalı neftin qiymətinin 50 dollar/bareldən aşağı düşməsi ehtimal edilir.

Xəbər xətti