Ermənistanın Ararat vilayətinin Kaxtsraşen kəndinin üzümçüləri ötən ilki məhsulun pulunu hələ də ala bilmirlər. "Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, aldadılan üzümçülər yeni baş nazir Karen Karapetyana müraciət ediblər. Xəbərə əsasən, onlar bildirib ki, bu il məhsuldarlıq ötən ilkindən də azdır.
İnformasiyaya görə, Vayotsdzor vilayətinin Aqavnadzor kəndinin üzümçüləri uzun müddətli mübarizədən sonra ötən ilki məhsulk pulunu "Vedi alko" şirkətindən bu il ala bilib.
Məlumata əsasən, Kaxtsraşen kəndinin üzümçüləri isə "Vinar" şirkətindən pullarını hələ də ala bilməyib. Bu şirkətin sahibi isə Ermənistan parlamentinin deputatı Karo Karapetyandır.
Xəbərdə bildirilib ki, kəndlilər 2015-ci ildəki məhsulun pulunu almaq üçün cari il Ermənistan prezidenti, Nazirlər Kabineti binalarının qarşısında etiraz aksiyası keçirib, bu məqsədlə hətta, uşaqlarını məktəbə yollamaqdan imtina etsələr də, onların istəkləri təmin olunmayıb.