Yaxın 5-10 ildə Azərbaycanda məşhur yerli üzüm növlərini tapmaq mümkün olmayacaq. Avropanın İspaniya, İtaliya, Fransa kimi üzümçülük sahəsində ixtisaslaşan ölkələri Azərbaycan üzümçülük genofondunu, onun biomüxtəlifliyini yüksək qiymətləndirsələr də, ölkədə bu problemin həlli istiqamətində zəruri addımlar atılmır. Bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər "Report"a bildiriblər ki, yerli üzümlüklərdə filloksera kimi təhlükəli xəstəliyin yaranması üzüm genofondunun sürətlə məhvinə aparan əsas amillərdən biridir. Onlar hesab edirlər ki, bu problemin həlli üçün ilk növbədə müasir tipli, xəstəliklərə davamlı üzüm-calaq kolleksiyasını özündə ehtiva edəcək üzümçülük-tinglik təsərrüfatları yaradılmalıdır: "Xəstəliklərə davamlı, sağlam üzüm növlərinin olmaması bu sahədə məşğul olan fərdi sahibkarları, iş adamlarını xaricdən yeni üzüm sortlarını almağa məcbur edir. Onların da bu addımı başadüşüləndir. Çünki insanlar bu işə böyük sərmayə yatırırlar və Azərbaycanda heç bir şəkildə qorunmayan üzüm növləri də onların yatırdığı sərmayələrin özünü doğrultmasını gözləyirlər. Bu proses isə yerli üzüm növlərinin tədricən yox olmasına təsir göstərən digər bir amildir".
Mütəxəssislər qeyd edirlər ki, hətta "Üzümçülük və şərabçılıq haqqında" qəbul edilmiş qanunda belə Azərbaycan ərazisində xəstəlik və zərərvericilərə qarşı dözümlü üzüm sortlarını yetişdirmək, tinglik təsərrüfatlarını inkişaf etdirmək, rayonlaşdırılmış üzüm sortlarını çoxaltmaq, calaqaltı və calaqüstü anaclıqların yaradılması üçün xəstəliklərə və zərərvericilərə davamlı əkin materialları müvafiq elmi-tədqiqat müəssisələrində və ya müqavilə şərtləri ilə elmi-tədqiqat müəssisələrinin nəzarəti altında ixtisaslaşdırılmış tinglik təsərrüfatlarında istehsal etmək nəzərdə tutulub. Bütün bu işlərin görülməsi ilə bağlı zəruri təkliflər Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinə də təqdim edilib, lakin bu təkliflərin bəyənildiyi deyilsə də, indiyədək heç bir əməli iş görülməyib.
Ekspertlər Azərbaycanın yerli üzüm növlərinə dair maraqlı tendensiyanın yarandığını da açıqlayıblar. Belə ki, Azərbaycanda yerli üzüm sortlarının genofondunun yaradılmasına və gələcək nəsillərə saxlanılmasına laqeyd münasibət olduğu halda, ölkənin bu cür təbii sərvətə malik olmasını avropalı mütəxəssislər yüksək qiymətləndirirlər. Onlar yaratdıqları özəl üzüm növləri kolleksiyalarına Azərbaycanın üzüm genlərini də daxil etməyə başlayıblar: "Avropalı şərabçılar hətta hesab edirlər ki, dünyada süfrə konyakının əsl materialı məhz "Bayan şirə" üzüm növüdür. Lakin mövcud şəraitdən görünür ki, tezliklə Azərbaycan özünün nadir üzüm sortlarını xarici məhsul adı altında pul ödəyərək xarici ölkələrdən almalı olacaq".