Rafael Cəbrayılov: “Kənd Təsərrüfatı Nazirliyi Bakıdan çıxarılmalıdır” – MÜSAHİBƏ

23:09 - 29 Sentyabr 2016 - SİYASƏT

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rafael Cəbrayılovun Publika.az-a müsahibəsi:

– Sentyabrın 26-da keçirilən referendumla Azərbaycan konstitusiyasına edilən əlavə və dəyişiklik Azərbaycan əhalisinə nə verəcək?
– Əvvəla, bəzi insanlar qanunlara, xüsusilə də konstitusiyaya ehkam kimi baxırlar. Hətta, buna nümunə də gətirirlər ki, filan ölkənin konstitusiyasına heç bir dəyişiklik edilməyib. Bu, çox yanlış mövqedir. Konstitusiya da bir qanundur və insan beyninin məhsuludur. Heç bir insan beyninin məhsulu da uzun müddət ictimai münasibətləri tənzimləyə bilməz. Bütün qanunlar, o cümlədən konstitusiya statistik bir təsisatdır.Cəmiyyət dinamik olaraq inkişaf edir. Ona görə də qanunun cəmiyyətlə ayaqlaşmaması və köhnəlməsi halları mümkündür.
O cəmiyyətlər sevinməlidir ki, onun konstitusiyası tez-tez dəyişir. İndi ictimai münasibətlər dəyişir. Bu baxımdan da Azərbaycan Konstitusiyasında dəyişikliyin edilməsi zəruri idi. Nəzərə alsaq ki, Azərbaycan sürətlə inkişaf edir, dünyaya inteqrasiya olunur, dünyada gedən bəzi ictimai münasibətlər bizim cəmiyyətə də kök salır, bu baxımdan da konstitusiyaya əlavə və dəyişikliklər bütün bu münasibətləri tənzimləməlidir.
Misal üçün, konstitusiyaya belə bir əlavə olunur ki, sosial ədalət və torpaqlardan səmərəli istifadə edilməsi baxımından torpaq üzərində xüsusi mülkiyyət məhdudlaşdırıla bilər. Amma buna formal baxanda düşünürsən ki, torpaq üzərində xüsusi mülkiyyət necə məhdudlaşdırıla bilər? Formalaşmış yeni ictimai münasibətlərə nəzər salanda, məsələ başqa cür olur. Bu gün bir çox imkanlı şəxslər, hətta bəzi dövlət məmurları rayonlarda hektarlarla torpaq sahələrini daşla hasarlayıb boş saxlayıblar, ondan istifadə etmirlər. Bu torpaqların hamısı əkin üçün yararlıdır. Əgər həmin torpaqlar yararsız olsaydı, onu heç kim xərc çəkib hasarlamazdı. 1995-ci ildə qəbul edilən konstitusiyada isə bütün bu cür hallar tənzimlənmirdi. Torpaq islahatları ilə bağlı isə eybəcər ictimai münasibətlər yaranmışdı. İndi Azərbaycanda referendum olmasaydı, bu torpaqlar yenə də həmin məmurlar tərəfindən zəbt olunacaqdı. Bunun üçün də konstitusiyaya əlavə və dəyişiklik olunması qaçılmaz idi.
Bundan əlavə, 1995-ci ildə qəbul edilmiş konstitusiyada parlamentin Prezidenti vəzifədən kənarlaşdırmaq hüquq olsa da, amma Prezidentin Milli Məclisi buraxmaq hüququ yox idi. Bəlkə də 1995-ci il üçün bu, təbii hal idi. Çünki keçmiş Sovet İttifaqının şinelindən çıxmış və müstəqillik abı-havasını yeni duymuş Azərbaycanda Prezidentin kollegial bir orqanı buraxmaq hüququna malik olması doğru qəbul edilməzdi. Baxmayaraq ki, Prezidentin kənarlaşdırılması hüququ parlamentə verilmişdi. Amma indi Azərbaycan öz inkişafında elə dövrə gəlib çatıb ki, artıq konstitusiyanın zəngiləşməsi baxımından, belə bir hüququn Prezidentə verilməsi tam düzgündür. Çünki elə məsələlər ola bilər ki, misal üçün, Prezidentin Baş prokurorun, Mərkəzi Bank sədrinin Milli Məclisə göndərişini parlament təsdiq etməsə, nə baş verə bilər? Bu zaman Prezidentin parlamenti buraxması məsələsi meydana çıxa bilər.
Bilirsiz ki, konstitusiyaya əlavələr Konstitusiya qanunu ilə edilir. Amma konstitusiyaya dəyişiklik isə referendum yolu ilə olur. Misal üçün, mənim təklif etdiyin qanun layihəsinin qəbul edilməsi üçün 125 nəfərdən 95-nin səsi lazımdır. Tutaq ki, bu 95 səs verilmir və 6 aydan sonra yenə də səsverməyə çıxarılır, yenə də qəbul edilmir. Bu zaman nə olacaq? Parlament iflic ola bilər. Ona görə də bu cür hallarda Prezidentin səlahiyyəti var ki, parlamenti buraxsın və zəruri qanunları çevik olaraq qəbul etmək mümkün olsun. Konstitusiyaya dəyişiklik olunmasının əsas səbəbindən biri də məhz budur.
Bu yaxınlarda ABŞ Dövlət Departamentinin rəsmisi də bildirib ki, guya referendum dəyişikliyindən sonra Prezidentin xalqa hesabatlılığı azalacaq və sairə. Əgər biz ABŞ və Azərbaycanın seçki sistemlərini müqayisə etsək, o zaman ölkəmizdəki seçki sistemi daha demokratikdir. Yəqin ki, çox adam ABŞ-da prezidentin necə seçildiyini bilir. Azərbaycanda Prezidentlik uğrunda mübarizə xalqın gözü qarşısında və bir neçə rəqiblik şəraitində keçir. Ancaq ABŞ-da isə tamam fərqlidir. Bu baxımdan əgər kimsə düşünürsə ki, prezidentlik müddətinin 7 ilə qaldırılması xalqa olan hesabatlılığı azaldacaq, o, böyük səhv edir. Rusiyada prezidentlik müddəti 6, İrlandiyada 7 ildir. Hətta, daha çox olanı da var. Yəni, bu cür yanaşma doğru deyil.
– Belə şayələr var ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilə bilər. Bu cür söhbətlər nə dərəcədə inandırıcıdır?
– Bilirsiz, bütün bunlar çox cəfəng məsələdir. Bunu müxalifət uydurur və ağzına gələni danışır. Guya ki, parlament buraxılacaq, filan deputat kənarda qalacaq və sairə. Parlament heç bir il deyil ki, seçilib. Digər tərəfdən isə ölkə başçısı parlamenti buraxan zaman səbəb göstərməlidir. Bundan başqa, parlamentin buraxılması ilə bağlı Konstitusiyanın 4 maddəsində göstərilib. Yəni, bütün bu dəyişikliklər çevik idarəçiliyə xidmət edir.
Bəzi adamlar deyir ki, vitse-prezidentlik institutu nəyə lazımdır? Bəlkə kimsə düşünə bilər ki, 10 milyonluq əhalisi olan ölkəyə vitse-prezidentlik institutu elə də lazım deyil. Amma mən düşünürəm ki, vitse-prezidentlik institutunun yaradılması tamamilə doğru addımdır. Yəni, Prezident öz səlahiyyətlərini icra edə bilməyəndə, hakimiyyətin Baş nazirə və ya Milli Məclis sədrinə verilməsindənsə, birinci vitse-prezidentə verilməsi daha məqbuldur. Mən bu addımı tamamilə alqışlayıram. Düşünürəm ki, bütün bunlar Azərbaycanda çevik idarəçiliyə xidmət edən addımlardır.
– Yaxın aylarda Azərbaycanda yeni və ciddi islahatlar gözlənilir?
– Əvvəla, yeni islahatların olması qaçılmazdır. Bu gün Azərbaycan sürətlə inkişaf edir. Əgər Azərbaycanın ana qanunu hesab olunan Konstitusiyaya dəyişiklik olunursa, təbii ki, bundan irəli gələn addımlar atılmalıdır. Misal üçün, vitse-prezidentlər təyin olunmalıdır, digər kadr dəyişikliyi edilməlidir. Bu cür dəyişikliklər qaçılmazdır.
– Bəs siz hansı islahatları gözləyirsiz?
– Mən konkret hansı islahatları gözlədiyimi deyə bilməyəcəm. Amma dövlət idarəçiliyində bəzi islahatlar həyata keçirilməlidir. Bəzi dövlət orqanlarının bir-birini təkrarlamasına son qoymaq lazımdır. Bir sıra nazirliklərin çevik iş rejimini təmin etmək lazımdır. Bəzi nazirliklər isə ümumiyyətlə Bakı şəhərindən çıxarılmalıdır. Misal üçün, mən heç vaxt anlaya bilmirəm ki, Kənd Təsərrüfatı Nazirliyinin Bakı şəhərinin mərkəzində nə işi var? Yəni, bu cür hallarla bağlı dəyişiklik edilməsinə ehtiyac var.
Dövlət büdcəsindən maliyyələşən təşkilatların kadr potensialına yenidən baxmaq lazımdır. Dövlət qulluqçularının davranış qaydalarına ciddi fikir vermək lazımdır. Torpaqları zəbt edən, rüşvət alan və digər bu kimi əməllərə yol verən dövlət qulluqçularının dövlət vəzifəsi tutub maaş almağa ən azı mənəvi haqqı yoxdur. Artıq elə bir dövrə gəlib çatmışıq ki, bu cür məsələlərə ciddi diqqət yetirilməlidir.
Düşünürəm ki, bəzi imkanlı və dövlət vəzifəsi daşımış şəxslər tərəfindən hektarlarla torpaqların alınaraq boş saxlanılması və ya süni göllər yaradılaraq yararsız hala salınmasını dövlət təcili araşdırmalıdır. Biz bu məsələ ilə bağlı “Torpaq haqqında” qanuna dəyişiklik etmişik. Həmin dəyişikliyə əsasən, torpaqdan müəyyən vaxt istifadə etməyəndə, vergi artırılmalıdır və sairə. Ancaq bu şəkildə də mübarizə aparmaq mümkün deyil. Bu məsələ fundamental şəkildə araşdırılıb ölkə Prezidentinə məruzə olunmalıdır. İslahatlar da məhz buradan başlamalıdır. Azərbaycan dövləti bu gün qeyri-neft sektorunu və kənd təsərrüfatını inkişaf etdirməyi önünə məqsəd qoyubsa, o zaman bu məsələlər də ciddi araşdırılmalıdır. Bundan əlavə, Azərbaycan öz ərzaq təhlükəsizliyini birmənalı şəkildə daxili resursları hesabına təmin etməlidir.

Xəbər xətti