Avropa Bankı Çin və Azərbaycanla birgə investisiya fondu yaradıb.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Çin və Azərbaycanla birgə “Equity Participation Fund” adlı investisiya fondu yaradıb.
“Financial Times” qəzetinə xəbər verir ki, fonda yatırılan investisiyaların ümumi həcmi 350 milyon avrodur.
Qəzet yazır ki, AYİB fondun maliyyələşdirilməsinin birinci mərhələsini bu həftə başa çatdırıb. Çinin Valyuta İdarəsi fonda 250 milyon avro, Dövlət Neft Fondu (SOFAZ) isə 100 milyon avro yatırıb.
Bundan öncə Neft Fondunun yaydığı məlumatda bildirilib ki, fond tərəfindən AYİB-in idarə etdiyi Səhm İştirak Fonduna 100 milyon avro məbləğində sərmayə yatırılması nəzərdə tutulub.
Səhm İştirak Fondu institusional investorlara Avropa Bankının Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya, Cənub-Şərqi Aralıq hövzəsi ölkələri, eləcə də Türkiyə regionundakı birbaşa investisiya portfelində iştirak etməklə maliyyə, sənaye, kənd təsərrüfatı, infrastruktur və enerji sektorlarında uzunmüddətli kapital artımını hədəfləyən yatırımlar həyata keçirmək imkanı yaradır.
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov sözügedən investisiya ilə bağlı şərh verərək bildirib:
“Səhm İştirak Fonduna investisiya bizim investiya portfelinin müxtəlif maliyyə alətləri və coğrafi regionlara diversifikasiyası ilə bağlı investisiya strategiyamızın davamıdır. Bu innovativ investisiya strukturu, həmçinin regionda bu sahədə böyük və uzunmüddətli təcrübəyə malik AYİB ilə əməkdaşlığa imkan verəcəkdir.
AYİB-in həyata keçirdiyi investisiyalar bizim də hədəf seçdiyimiz bir sıra uzunmüddətli inkişaf göstəriciləri ilə səciyyələnir və biz inanırıq ki, bu investisiyalar Fonda riskləri nəzərə almaqla yüksək gəlirlilik qazandıracaq”.