"Qarabağ"ın yeni trasnferi – serbiyalı qapıçı Boyan Şaranov Topaz Premyer Liqanın 5-ci turunda "Zirə" ilə oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Bu gün “Qarabağ” formasıyla debüt etdin...
- Bu oyun mənim üçün xüsusi önəmi var idi. Cəmi 15 gündür klubdayam. İlk oyunumda qol buraxmadım və qələbə qazandıq. Amma qalib gəlmək daha vacibdir.
- İlk matçında öz oyunundan razı qaldın?
- Bu gün meydanda mənim üzərimə çox iş düşmədi. Belə oyunlarda əsas odur ki, vəziyyəti əldə saxlayasan. Fikrimcə, pis alınmadı.
- Komanda yoldaşın Şehiç bosniyalıdır, sən serbsən. İki ölkə arasında siyasi cəhətdən münasibətlər bir o qədər yaxşı deyil. Bu amil Şehiçlə münasibətlərinə təsir edir?
- Şehiç burada ən yaxın dostumdur. Biz əl-ələ verib, bir komanda üçün çalışırq ki, çempion olaq və Avropada daha çox uğurlar qazanaq.
- Avrokubok matçlarında forma şansı tapacağına inanırsan?
- Mən bu barədə düşünmürəm. Əsas odur ki, formamı itirməyim, məşqlərdə özümü yaxşı cəhətdən göstərim və şansımı gözləyim.
- Şehiçi əsas heyətdən kənarda qoya biləcəyin nə qədər realdır?
- Əsas heyətdə kimin olacağına baş məşqçi qərar verəcək. Mən buraya gəldiyim zaman, birinci və ya ikinci qapıçı olmağı fikirləşmədim. Mən məşqimi edib, şansımı qazanıb və meydanda öz sözümü deyəcəm.
- “Xəzər Lənkəran” 3 il öncə Avropa Liqasında “Makkabi”yə 0:8 hesabıyla uduzdu. Lənkaranda keçirilən həmin matçda Hayfa klubunun qapısını sən qoruyurdun. O günü xatırlayırsan?
- Yaxşı xatırlayıram. Həmin gün şans bizim tərəfdə idi. Böyük hesabla qalib gəldik. Qapıya vurduğumuz bütün zərbələr qol oldu. Ola bilsin ki, məndən fərqli olaraq “Xəzər Lənkəran”lılar indi o günü xatırlamır.
- Həmin qarşılaşmada “Xəzər Lənkəran”ın kapitanı olan Rahid Əmirquliyevlə bu gün “Qarabağ”da komanda yoldaşısınız. Onunla o oyun barədə söhbətiniz düşüb?
- Az da olsa danışmışıq.
- “Xəzər Lənkəran”ın artıq dağıldığını bilirsən?
- Bəli, xəbərim var. Onu da bilirəm ki, “Xəzər Lənkəran” Azərbaycanın yaxşı klublarından biri olub.
- Azərbaycan haqda ümumi fikrin nədi? Uyğunlaşma problemin var?
- Sözun düzü, Bakıya heyran qalmışam. Bu barədə ailə üzvlərimə də demişəm. Onlara dedim ki, Bakı çox gözəl şəhərdi, yaşamağa dəyər. İlk dəfə bura gələndə şoka düşmüşdüm. Avropanın böyük şəhərlərindən heç nədə geri qalmır.