SOCAR prezidenti: “PSA-lər çərçivəsində indiyədək neft-qaz sektoruna 68 mlrd. dollardan artıq sərmayə qoyulub”

11:22 - 20 Sentyabr 2016 - İQTİSADİYYAT

Hasilatın Pay Bölgüsü Sazişləri (PSA) çərçivəsində 1995-2016-cı illərdə Azərbaycanın neft-qaz sektoruna ümumilikdə 68,2 mlrd. ABŞ dollarından artıq sərmayə qoyulub. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin Nefçilər günü münasibətilə “Azərbaycan” qəzetindəki məqaləsində bildirilib.

SOCAR prezidenti məqaləsində qeyd edib ki, Azərbaycanın ən yeni tarixinə dönüş nöqtəsi kimi əbədi həkk olunmuş 1994-cü ilin 20 sentyabrından 22 ill keçir: "Amma hadisələrin gedişi göstərir ki, vaxt keçdikcə “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyəti azalmır, əksinə, daha da artır. Azərbaycanın davamlı inkişafının təməl daşını təşkil edən enerji strategiyamız sonrakı illərdə həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üçün möhkəm zəmin yaradıb. Hazırda SOCAR 15 ölkənin 23 şirkəti ilə imzalanmış 17 Hasilatın Pay Bölgüsü Sazişində Azərbaycan dövlətini uğurla təmsil edir. Eyni zamanda SOCAR-ın təsisçilyi ilə yaradılmış 36 birgə müəssisə, 6 alyans, xarici ölkələrdəki törəmə şirkətlərin fəaliyyəti neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edir. Birgə layihələrdə əməkdaşlıq etdiyimiz xarici partnyorlar arasında “BP”, “Total”, “Petronas”, TPAO, “Chevron”, “Statoil”, “LUKoil” və digər dünya miqyaslı şirkətlər var. HPBS-lər çərçivəsində 1995-2016-cı illərdə Azərbaycan Respublikasının neft-qaz sektoruna ümumilikdə 68,2 milyard ABŞ dollarından artıq sərmayə qoyulub”-, deyə R.Abdullayev qeyd edib. O məqaləsində bildirib ki, bu illərdə Azərbaycanın xarici sərmayədarlar üçün cəlbedici ölkəyə çevrilməsi mühüm nailiyyətlərdən biridir. “Dövlət başçısı İlham Əliyev “Şahdəniz-2” platformasının dənizə yola salınması mərasimində bununla bağlı deyib: “Bu gün Azərbaycan dünya xəritəsində etibarlı tərəfdaş, hörmətə layiq olan ölkə kimi tanınır. Biz bütün öhdəlikləri yerinə yetiririk, xarici sərmayədarlar üçün yaxşı şərait yaratmışıq. Onların sərmayələri qanun çərçivəsində qorunur. Sərmayə qoyuluşu üçün Azərbaycan çox cəlbedici ölkədir. Şadam ki, indi nəinki neft-qaz sektoruna, digər sektorlara da yerli, xarici sərmayələr qoyulur. Bütün bu işlərin təməli 1994-cü il sentyabrın 20-də qoyulub”. 

SOCAR prezidenti həmçinin bildirib ki, “Əsrin müqaviləsi” çərçivəsində nəhəng karbohidrogen ehtiyatlarına malik “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənilməsi bu gün də Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən ən böyük neft layihəsidir: "Layihə üzrə indiyə qədər Azərbaycan iqtisadiyyatı üçün müstəsna əhəmiyyətə malik böyük uğurlar qazanılıb, ilk neftin çıxarıldığı vaxtdan ölkədə neft hasilatı böyük həcmdə artaraq, 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 50,4 milyon tona çatdırılıb, son illərdə 42-43 milyon ton səviyyəsində stabilləşdirilib”. 

Onun sözlərinə görə, indiyədək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 407 mln.ton neft, 124,3 mlrd.kubmetr qaz hasil edilib. Sazişin sonunadək yataqlardan 5 milyard barel neftin çıxarılması planlaşdırılır. “Layihənin tammiqyaslı işlənməsi çərçivəsində yeni sərmayə qoyuluşları və neftvermə əmsalının artırılması ilə əlavə 4 mlrd. barel neftin hasil edilməsi imkanı mövcuddur. Artıq 17 ildir ki, AÇG layihəsi mənfəətlə işləyir, layihə iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. Azərbaycanın payına düşən mənfəət neftinin həcmi ilbəil artır. Bu il Azərbaycanın payına düşən mənfəət neftinin həcmi 60 faizə çatacaq. Bundan başqa, layihə çərçivəsində çıxarılan səmt qazının əvəzsiz olaraq SOCAR-a verilməsi də iqtisadiyyatımız üçün mühüm töhfədir. Yanvar-iyun aylarında AÇG yataqlar blokundan SOCAR-a gündəlik orta hesabla 7,2 milyon kubmetr, ümumilikdə isə 1,31 milyard kubmetr səmt qazı verilib”. 

Xəbər xətti