Serbiyalı legioner "Report"un da suallarını cavablandırıb:
Yeni komandada debütün haqda nə deyə bilərsən?
- Bu matç mənim üçün xüsusi önəm kəsb edirdi. Çünki 15 gündür klubda idim və ilk oyunum idi. Qol buraxmadım və vacib 3 xalı qazandıq. Bu, mənim üçün daha vacib qələbə idi.
Öz çıxışından razı qaldın?
- Mənim elə çox işim olmadı. Ancaq belə oyunlarda əsas məsələ diqqətdən yayınmamaqdır. Mən də bunu etdim. Məncə, debüt oyunum üçün pis alınmadı.
"Qarabağ"ın əsas qapıçısı İbrahim Şehiç bosniyalı, sən isə serbsən. Dövlət baxımından aranızda münaqişə yoxdur ki, yəni yola gedirsiniz?
- Şehiç burada ən yaxın dostumdur. Əl-ələ verib bir komanda üçün çalışırıq. Məqsədimiz çempion olub, avrokuboklarda daha da uğur qazanmaqdır.
Avropa Liqasının qrup mərhələsində oynayacağına inanırsan?
- Mən belə matçda oynamaq haqda düşünmürəm. Əsas odur ki, formamı itirməyim, məşq edim, özümü yaxşı tərəfdən göstərim və şansımı gözləyim.
Azərbaycan gələndə ehtiyat qapıçı olacağını düşünürdüz? Şehiçi əsas heyətdən sıxışdırıb çıxara biləcəksiz?
- Kimin ikinci qapıçı olacağına baş məşqçi qərar verə blər. Bura gələndə də birinci, yaxud ikinci qapıçı olmağım haqda düşünmürdüm. Gəldim ki, məşqimi edim, şansımı qazanım və meydanda sözümü deyim.
Hayfa "Makkabi"si Avropa Liqasında "Xəzər Lənkəran"a səfərdə 8:0 hesabı ilə qalib gələndə rəqibin qapıçısı idin. Həmin matçı necə xatırlayırsan?
- Həmin gün şanslı günümüz idi. Qapıya nə zərbə vurduqsa, qol oldu. Mən bu anı yaxşı xatırlayıram. Ola bilər ki, "Xəzər Lənkəran" bunu xatırlamasın.
Həmin vaxt "Xəzər Lənkəran"da oynayan Rahid Əmirquliyevlə indi "Qarabağ"da komanda yoldaşısan. Həmin 8:0 hesablı qələbəniz haqda fikir mübadiləsi aparmısınız?
- (gülür) Az da olsa, bu haqda danışmışıq.
"Xəzər Lənkəran"ın artıq mövcud olmadığını bilirsiz?
- Bəli, eşitmişəm. Amma vaxtilə ən yaxşı klublardan olub. Öz çempionatı ilə yanaşı, Avropa Liqasında da çıxış edirdi.
Azərbaycana uyğunlaşmaq baxımından probleminiz olmayıb ki?
- Ailəmə də demişəm ki, ilk dəfə Bakıya gələndə şoka düşmüşdüm. Paytaxtınız çox gözəldir, Avropadan heç fərqi yoxdur.