Millət vəkili Baş prokurorun müraciətinə qiymət verdi

16:38 - 16 Sentyabr 2016 - HADİSƏ

Azərbaycanın Baş prokuroru Zakir Qaralovun Ukraynada azərbaycanlılara qarşı törədilən cinayətlərlə əlaqədar həmin ölkənin Baş prokuroru Yuriy Lutsenkoya göndərdiyi müraciətə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə münasibət bildirib. Doğrudan da son dövrlərdə Ukraynada bir çox imkanlı, bizneslə məşğul olan azərbaycanlılara qarşı külli miqdarda pullarını və əmlaklarını ələ keçirmək məqsədilə ağır cinayətlər törədilir, onlar xüsusi amansızlıqla qətlə yetirilirlər. 

Dövlət varlığını həm də o vaxt göstərir ki, o, dünyanın harasında olmasından asılı olmayaraq öz soydaşlarına diqqət və qayğısını əsirgəmir,  hüquqları pozulmuş vətəndaşlarına yardım göstərir, onların problemlərini diqqətdə saxlayır. 
Son vaxtlar Ukraynadakı soydaşlarımıza qarşı törədilən ağır cinayətlərlə bağlı ölkəmizin Baş prokuroru Zakir Qaralovun soydaşlarımızın taleyi ilə bağlı narahatlığını ifadə edən və onlara qarşı törədilmiş belə cinayətləri pisləyən müraciəti təqdirəlayiqdir.  Bu onu göstərir ki, Azərbaycan dövləti, onun hüquq-mühafizə orqanları soydaşlarımızın taleyinə biganə deyillər.
Əmin ola bilərik ki, Baş prokurorun bu müraciəti Ukraynanın hüquq-mühafizə orqanlarını hərəkətə gətirəcək,  soydaşlarımıza qarşı cinayət törətmiş şəxslər vaxtında tapılaraq istintaqa təhvil veriləcək və layiqli cəzalarını alacaqlar. Bu müraciət soydaşlarımıza qarşı belə cinayətlər törədən şəxslərə və ya cinayətkar qruplara xəbərdarlıq kimi qiymətləndirilməklə yanaşı, həm də onları bu cür növbəti cinayətləri törətməkdən çəkindirəcəkdir.

Xəbər xətti