Liviya neft hasilatını bir neçə dəfə artırmaq və Böyük Sirt körfəzinə (Aralıq dənizi) nəzarəti geri qaytarmaqla böyük həcmdə ixraca başlayacağı barədə bəyanat yayıb. "Qazeta.ru" saytının verdiyi xəbərə görə, Liviya rəsmilərinin bəyanatı sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək neft hasilatçıları ölkələrinin növbədənkənar sammitində hasilatın dondurulması qərarına mane ola bilər.
Liviya Milli Neft Şirkətinin məlumatına görə, ölkə neft hasilatını bir ay ərzində 600 min barel/günə çatdıra bilər. İlin sonuna qədər isə hasilatın 900 min barel/günə çatdırması nəzərdə tutulub. Xatırladaq ki, Liviya 2011-ci ildə ölkədə silahli qarşıdurmanın başlamasına qədər gündəlik 1,4-1,6 mln. barel neft hasil edib. Bu da dünya neft hasilatının 2%-nə bərabər olub. Hazırda isə ölkə gündə 200 min barel neft hasil edir.
OPEC-in hesabatına görə, avqustda Liviyanın gündəlik neft hasilatı 292 min barel olub. Ekspertlərin fikrincə, bu il neft hasilatçısı ölkələrinin Doha sammitində hasilatın dondurulması qərarı İran tərəfinin razılaşmaması səbəbindən baş tutmamışdırsa, Əlcəzair sammitində buna Liviya mane ola bilər.
Xatırladaq ki, Əlcəzair sammitində İran tərəfinin razılıq verməsi də qeyri-müəyyəndir. Belə ki, keçən həftə "Bloomberg" agentliyinə müsahibə verən İran Milli Neft Şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Mohsen Qamsari bildirib ki, ölkəsinin sanksiyalardan əvvəlki hasilat səviyyəsinə çatması yalnız 2016-cı ilin sonu-2017-ci ilin əvvəlində mümkün olacaq. Qeyd edək ki, İran neft hasilatının dondurulması qərarına razılığ vermək üçün ölkəsinin sanksiyalar tətbiq edildiyi tarixdən əvvəlki hasilat səviyyəsinə çatması şərtini irəli sürüb.
"Report"un analitik qrupu hesab edir ki, Əlcəzair sammitindən müsbət nəticənin əldə olunmayacağı təqdirdə neftin qiyməti 20-30 dollar/barelə qədər geriləyə və uzun müddət bu səviyyədə qala bilər. Həmçinin, Əlcəzair sammitinin mənfi nəticələnməsi növbəti sammitin tarixini uzada bilər. Bu da öz növbəsində neft qiymətlərinin aşağı səviyyədə qərarlaşmasına səbəb olacaq.