Xidməti vəzifəsi zamanı əlbəyaxa dava edən sürücülər sərt cəzalandırılacaq. Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Agentlik bildirib ki, dünən “ALO 141” Çağrı mərkəzinə 6 və 88 saylı marşrut xətləri üzrə xidmətdə olan iki sürücü ilə bağlı şikayət daxil olub və görüntülərdən də məlum olub ki, sürücülər xidməti vəzifələrinin icrası müddətində əlbəyaxa dava edirlər. Hər iki sürücü ilə bağlı sərt tədbirlər görüləcək.
Agentlik daşıyıcı şirkətlərə müraciət edərək bildirir ki, marşrut xətti heç kəsin şəxsi mülkiyyəti, avtobus isə heç bir sürücünün şəxsi nəqliyyat vasitəsi deyil. Sürücüsü bu cür kobud davranış qaydaları nümayiş elətdirən istənilən sahibkar və ya daşıyıcı şirkət bundan sonra təkcə sürücünün cəza alması ilə məsələnin həll olunacağına ümid etməsin. Psixoloji durumu taraz olan, xidməti vəzifəsinin məsuliyyətini dərk edən sürücülərin işə cəlb olunması sahibkarın və daşıyıcı şirkət rəhbərinin vəzifələri sırasındadır.