Paytaxtın Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. 31 yaşlı Rəhimov Rəşad Fərhad oğlu Maştağa qəsəbəsi Ələkbərov küçəsi, 10 ünvanında naməlum şəxs və şəxslər tərəfindən boğaz nahiyəsindən bıçaqlanıb.
O, boğazı kəsilmiş halda Sabunçu Rayon Xəstəxanasına gətirilib. Yaralı dərhal əməliyyat olunub. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər.
Hadisə barədə 14-cü polis bölməsinə məlumat verilib. Polis əməkdaşları hadisə baş verən ünvanda müayinələr aparıblar. Xəstəxanaya tanışı tərəfindən gətirilən yaralını dindirmək mümkün olmayıb. Hadisənin kim tərəfindən və hansı şəraitdə törədilməsi aparılan araşdırmalardan sonra məlum olacaq.
Faktla əlaqədar Sabunçu Rayon Polis İdarəsində cinayəşt işi başlanıb. Araşdırmalar aparılır.