Bakıda ikisi polis, biri FHN işçisini olmaqla 5 nəfəri vuraraq hadisə yerindən qaçan sürücü tutulub.
Bu barədə apa-ya Yasamal Rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən İslam Manafov tutularaq istintaqa təhvil verilib. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, məlum hadisə ötən gün Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Cəmil Cabbarovun idarə etdiyi qumla dolu “Mercedes” markalı yük maşını yol kənarında dayanan mişar daşı ilə yüklü “KamAZ”a arxadan çırpılıb. Qəza zamanı yük avtomobilinin kabinə hissəsi deformasiyaya uğrayıb. Sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb edilib. Xilasedicilər xüsusi alətlərin köməyi ilə sürücünü avtomobildən çıxara biliblər. Xilasetmə əməliyyatının sonunda dairəvi yolla yüksək sürətlə hərəkətdə olan və İslam Manafovun idarə etdiyi “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəza yerində olan 5 nəfəri vurub. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıblar.
Onlardan 28 yaşlı Vüsal Şabanov FHN-nin əməkdaşı olub. Bundan əlavə, qəza nəticəsində iki polis əməkdaşı da xəsarət alıb. Onlar Fikrət Rüstəmov və Xətai Məmmədovdur. Hadisə yerində olan Bakı şəhər sakinləri 58 yaşlı Ramiz Şüvərxanov və 46 yaşlı Ziyəddin Yəhyayev isə qəzaya baxmaq üçün yolun hərəkət hissəsində dayandıqları üçün onları da maşın vurub.
"Opel"in sürücüsü İslam Manafovu hadisədən sonra maşından düşərək özünü pis hiss etdiyini bildirib və kənara çəkilib. Az sonra isə onun hadisə yerindən qaçdığı məlum olub.