Bu gün investisiya siyasəti və təşviqi, qlobal dəyər zəncirləri, investisiya mühiti və biznesin tənzimlənməsi sahəsində Azərbaycan hökumətinin prioritetlərinin müzakirə edilməsi məqsədi ilə Dünya Bankı Qrupunun (DB və İFC) missiyası Dövlət Fitosanitar Nəzarəti Xidmətində olub. "Report"a Kənd Təsərrüfatı Nazirliyindən daxil olan məlumata görə, görüşdə missiyanı biznes tənzimlənməsi üzrə aparıcı mütəxəssisi Axtar Mahmud, biznes tənzimlənməsi üzrə regional mütəxəssisi Lili Beciaşvili və iqtisadçı Həsən Hüseynov təmsil ediblər.
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev nümayəndə heyətinə Azərbaycanda fitosanitar nəzarətin əsas prioritetləri, fitosanitar riskinin təhlili, fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi sahəsində görülən işlər, risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması barədə ətraflı məlumat verib.
Görüşdə islahatlar üzrə təkliflərin dəqiqləşdirilməsi və məsləhətçi dəstəyinin potensial istiqamətlərinin müəyyənləşdirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb.