"Bu ilin birinci yarısında "Şahdəniz Mərhələ 2" layihəsi uğurla irəliləməyə davam edib. Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 77%-dən çox tamamlanıb və ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur"."Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin məlumatında qeyd olunub.
Qeyd edilir ki, ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.
Cari ilin II rübündə "İsrafil Hüseynov" boru düzən gəmisi "Şahdəniz"in şimal cinahındakı sualtı qurğular birləşməsindən platformaya qədər olan sualtı kəmərin kompleks quraşdırılmasını başa çatdırıb. Gəmi indi digər sualtı kəməri quraşdırmaqdadır və bundan sonra qərb cinahındakı daha iki sualtı kəməri quraşdırmaq üçün ora yönələcək.
“Xankəndi” sualtı tikinti gəmisinin suya endirilməsindən sonra, əsas kran quraşdırılmaq üçün bu yaxınlarda gəmiyə gətirilib. İndi istismara verilmə və sertifikasiya üçün hazırlıq işləri gedir. Bu işlər bitdikdən sonra bu yeni gəmi "Şahdəniz-2" sahəsinə aparılaraq sualtı qurğuların tikintisini icra edəcək", - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, “Azərbaycan” kran barjı "Şahdəniz" yatağının şimal cinahındakı bütün sualtı fontan qurğularının və infrastrukturun quraşdırılmasını müvəffəqiyyətlə başa çatdırıb.
2016-cı ilin birinci yarısında ATA sahəsində iki "Şahdəniz 2" platformasının üst modullarının istismara verilməsinə başlanıb və artıq 50 yaşayış modulunun hamısı yaşayış və texniki emal platformasında quraşdırılıb. Bakı Dərin Özüllər Zavodu sahəsində hasilat və dikborular platformasının dayaq bloku üzərində bütün dikborular və hər iki nəhəng ponton çənləri quraşdırılıb və cari ildə dayaq bloku dənizə yola salınmazdan əvvəl onun yekun tikinti və sınaq işləri aparılır.
Bu ilin II rübündə Azərbaycanda artıq 24 mindən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşlarıdır.