​Azərbaycan banklarına xəbərdarlıq edilib

15:37 - 16 Avqust 2016 - İQTİSADİYYAT

 Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda fəaliyyət göstərən bütün kommersiya banklarına müraciət edib. "Report"un əldə etdiyi məlumata görə, müraciət Palatanın baş icraçı direktoru İbrahim Alışovun və Bank fəaliyyətinə nəzarət Departamentinin direktoru İmran Məmmədovun adından edilib.
Müraciətdə bildirilir ki, MBNP-nin Direktorlar Şurasının iyulun 21-də lisenziyasını ləğv etdiyi 4 bankın - "Dekabank", "Kredobank", "Parabank" və "Zaminbank" ASC-lərin əməkdaşları və aidiyyəti şəxslər arasında sövdələşmələr nəticəsində mövcud bankların bir sıra satış nöqtələrində həyata keçirilən bank fəaliyyəti və dominant olaraq valyuta mübadilə əməliyyatlarının aparılması qeyri-rəsmi olaraq "françayzinq" fəaliyyətinin tətbiqi kimi xarakterizə olunur. Belə hallar Palata tərəfindən korporativ standartlardan kənarlaşma kimi qiymətləndirilir və sağlam bank praktikası hesab olunmur.
"Bankların həmin şəxslər və yaxud şəxslər qrupu ilə bank fəaliyyətinin həyata keçirilməsi, valyuta mübadilə əməliyyatlarının aparılması üçün hər hansı formada əməkdaşlığı yeni iqtisadi vəziyyətə adaptasiya dövrü yaşayan müasir bankçılıq konsepsiyasına ziddir. Bu səbəbdən qeyd olunan konteksdə əməkdaşlığı Palata məqsədəuyğun hesab etmir", - deyə qurumun müraciətində qeyd olunub.

Xəbər xətti