"Yol polisləri olmasa yollarda avtocəngəllik yaranar" - FOTOLAR

23:47 - 15 Avqust 2016 - Cəmiyyət

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin (İB) təşkilatçılığı ilə “Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında ictimai təşəbüsslərin gücləndirilməsi” mövzusunda tədbir keçirilib. Layihənin 4 aydır icra olunduğunu deyən Birlik sədri Elməddin Muradlının sözlərinə görə, tədbirin keçirilməsində başlıca məqsəd ictimaiyyətin diqqətini son vaxtlar artan yol nəqliyyat hadisələrinə yönəltmək və qəzalara “dur” deməkdir: “Yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün maarifləndirmə işləri aparılmalıdır. Biz bir həftə ərzində 8-10 ağır yol nəqliyyat hadisəsinin şahidi oluruq.  Elə gün olur ki,  bir yol qəzasında 5-6 nəfər insan həyatını itirir:“
Cari ilin 6 ayı ərzində yol qəzalarında həyatını itirən insanların sayı 400-ü keçib. Əksəriyyəti isə piyada ölümləridir ki, bu da sürücülərlə piyadalar arsındakı qarşılıqlı nizamsızlığın nəticəsidir. Bu halların aradan qaldırılması üçün birgə fəaliyyət göstərmək, təbliğat tədbirlərini gücləndirmək lazımdır. Bu il ərzində ölkədə avtomobilləşmə prosesi bir o qədər sürətli getməsə də, qəzaların sayı yenə də artır. Təbii ki, bu problem bizi narahat etməyə bilməz”.
Yol-hərəkəti qaydalarının təşkili və təhlükəsizliyi  ilə bağlı səlahiyyətli olan qurumların tədbirə dəvət olunmasına rəğmən iştirak etməmələrini problemə laqeydlik kimi dəyərləndirən hüquqşüqnas ekspert Ərşad Hüseynov bunun da məyusedici hal olduğunu deyib. Onun sözlərinə görə, yol qəzalarının sayının artmasının əsas səbəblərindən biri ortada konkret proqramın olmamasıdır: “Dövlət Yol Polisi əməkdaşları ilə sürücülər arasındakı münasibıtlər həddindən artıq gərgindir. Hesab edirəm ki, bu münasibətləri tənzimləmək üçün elmi cəhətdən əsaslamdırılmış həll üsullarından faydalanmaq, xarici təcrübələrə müraciət etmək lazımdır. Ölkəmiz müasirləşsə də., yeni yollar yollar çəkilsə də, təfəkkür dəyişməyib. Baş verən qəzaları, hadisələri nəzərdən keçirdikdə elə qənaətə gəlinir ki, 1970-ci illərdir. Bu məsələlərdə yanaşma dəyişməlidir. Avtomobillərin sayı artıqdca qəzaların da sayı artır. Bütün bunların qarşısını almaq üçün maarifləndirmə işləri aparılmalıdır. Yəni, hər kəs hüququnu bilməlidir, buna uyğun davranılmalıdır. Heç kəs polislə sürücülər arasında yaşanan münaqişələrin kökünə varmır ki, bu aqressiya haradan qaynaqlanır. Axı niyə  cəmiyyət yollarda asayişi qoruyan DYP əməkdaşlarına qarşı bu cür  mövqe  tutur? Mənə elə ki, bu cür maarifləndirmə tədbirləri vasitəsilə biz müəyyən qədər irəliləyişlərə nail ola bilərik”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov isə çıxışında son illər baş verən yol qəzaları ilə bağlı statistikaya toxunub: “Sürücü və ya piyada olmasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı eyni zamanda yol hərəkəti iştirakçısıdır. Məhz bu səbəbdən də dövlət həmişə yol hərəkəti təhlükəsizliyinin təminatı üçün bütün mümkün vasitələrdən istifadə edib. Qanunvericilik bazası demək olar ki, mükəmməl formada hazırlanıb. Eyni zamanda qanunun təkmilləşdirilməsi üçün ildə ən azı bir neçə dəfə müvafiq dəyişikliklər edilir. Yol infrastrukturu və yol polislərinin işi dünya satandartlarına uyğun şəkildə qurulub.  Amma bütün bunlar fonunda Azərbaycanda yol qəzalarının sayının bu qədər çox olması bizi məyus edir. Yollarda baş verən qəzalara nəzər yetirdikdə adama elə gəlir ki, Azərbaycanın yollarında müharibə gedir. 2011-2014-cü illər ərzində yol qəzalarında dünyasını dəyişən insanların sayı hər il 1200-1300 nəfər arasında dəyişib. Heç Qarabağda aktiv döyüşlər gedən vaxtlarda il ərzində bu qədər itkilərimiz olmurdu. Ən acınacaqlısı da odur ki, cəmiyyət yol qəzalarının artmasına səbəbkar kimi sürücülərdən daha çox yol polislərini görür. Ancaq  obyektiv olmaq lazımdır. Polissiz cəmiyyət təsəvvür etmək belə insanda vahimə yaradır. Əgər yol polisləri olmasa Azərbaycan yollarında avtocəngəllik baş alıb gedər. Hesab edirəm ki, yol polislərinə qarşı bu münasibətin qarşısı alınmalıdır”.
Sözügedən məsələlərlə bağlı jurnalistlərin rolunü ön plana çəkən millət vəkilinin sözlərinə görə, informasiyasının çatdırılması çox əhəmiyyətlidir: “Jurnalistlər qanunları bilməli, obyektivliklərini qorumalıdırlar. Çox təəssüflər olsun ki, biz yol hərəkəti qaydaları ilə bağlı analitik yazılara çox az hallarda rast gəlirik. Bəzən jurnalistlərimiz elə yazılar yazırlar ki, onların dövlətçilik maraqlarına xidmət etməsi belə adamda şübhə doğurur.  Yazırlar ki, polis təqib edib, qəza baş verib. Jurnalist bilməlidir ki, qanuna edilən dəyişikliyə görə, artıq polis sürücünü təqib edə bilər. Hesab edirəm ki, əsas diqqət sürücü mədəniyyətinin artırılmasına yönəldilməlidir. Bizim sürücülərin mədəniyyət göstəricisi orta dünya statistikasından belə qat- qat aşağıdadır. Qəzaların artmasının əsas səbəbi isə insan faktorudur”.
Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müavini Mübariz Abbasov isə təmsil etdiyi qurumun yol qəzalarının qarşısının alınması istiqamətində ciddi işlər gördüyünü deyib: “2015-ci ilin ilk 6 ayında baş verən yol qəzaları 2016-cı ilin ilk 6 ayında baş verən yol qəzalarından iki dəfə çox olub. Biz bu istiqamətdə maarifləndirmə işləri aparırıq”.
Konstitutsiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev isə yol nəqliyyat hadisələrinə bir yox, bir neçə  amilin səbəb olduğunu deyib: “ Doğrudan da, Azərbaycanda  sürücülük mədəniyyəti çox aşağıdır. Eyni zamanda sürücüllərin yol hərəkəti qaydaları ilə bağlı bilgiləri də həddindən artıq aşağıdır. Bunun da kökləri sürücülük vəsiqələrinin əldə olunmasında özünü göstərən nöqsanlara gedib dayanır.  Biz qəzaların qarşısını almaq istəyiriksə ilk növbədə bu istiqamətdə yol verilən çatışmazlıqlar aradan qaldırılmalıdır. Bunun üçün də maarifləndirmə çox vacibdir. Təmsil etdiyim QHT-lərə Dövlət Dəstəyi Şurası hər zaman bu cür maarifləndirmə tədbirlərinin keçirilməsində maraqlı olub və bundan sonra da bu istiqamətdəki dəstəyini davam etdirəcək”.
Ə.Nuriyev həm də Əfv Komissiyasının üzvü olduğunu deyərək bildirib ki, qəza törətdiyi üçün həbs olunan yüzlərlə məhkum əfv olunmaq üçün müraciətlər edir. Lakin araşdırma zamanı məlum olur ki, onların arasında sürücülük hüququ olmadan, habelə sərxoş halda avtomobil idarə edən, sürət həddini aşaraq qəza törədənlər var: “Təbii ki, belələrinin cəzasının bitməsinə 3-4 ay vaxt qalsa belə onlar əfv edilmir. Müzakirələr zamanı yekdil fikir bu olur ki, belələrinin əfv olunması pis nümunə ola bilər”.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni isə yol polisləri ilə sürücülər arasında münasibətlərin gərginləşməsinin obyektiv və subyektiv səbəblərindən danışdı. O bildirdi ki, sürücülər arasında təbliğat işi güclənidirilməlidir. Eyni zamanda, yol polislərinin davranış qaydalarına da diqqət yetirmək lazımdır: “Mən bir çox ölkələrdə olmuşam. Orada yol polisi qayda pozanlara birinci dəfə xəbərdarlıq edir, sonra cərimə yazmaq barədə düşünür. Amma bizdə saxlayan kimi cərimə yazırlar”.
“Azersun Holding” Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri Afiq Səfərov təmsil etdiyi qurumun yol hərəkəti təhlükəsizliyinə verdiyi dəstəkdən danışaraq bildirdi ki, insanların maarifləndirilməsi çox vacibdir. Bu işi orta məktəblərdə genişləndirmək daha faydalı ola bilər. A.Səfərov onu da bildirdi ki, yollarda qayda pozan sürücülərə qarşı sərt münasibət olmalı və heç kim məsuliyyətdən kənarda qalmamalıdır. Yalnız bu zaman müsbət nəticələrə əldə etmək olar.
Tədbirin sonunda Polis Günü və Formula 1 yarışlarının təşkilindəki nümunəvi xidmətlərinə görə 21 yol polisi əməkdaşına Avtosfer.az saytının və “Digesta” hüquq firmasının diplomları və “Azersun Holding”in hədiyyələri təqdim olunub.
 
 
Elmin


Xəbər xətti