Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda pambıq əkini ilə məşğul olan fermerlərə müraciət edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə bildirilir ki, tezliklə başlanacaq pambıq yığımı üçün "Aqrolizinq" ASC-nin rayon bölmələrinin istifadəsində kifayət qədər texnika var və lazım olduqda, fermerlər texnika üçün müraciət edə bilərlər. Bu il yığım üçün nazirliyin sifarişi ilə fermerlərin istifadəsi üçün yeni texnikalar gətirilib. ABŞ-nın "John Deer" və "Case" brendlərinə məxsus yüksək məhsuldarlıqlı pambıqyığan kombaynlar, Belarus istehsalı olan "Belarus 80X" traktoru üzərində quraşdırılan pambıq yığan maşın və bir sıra başqa texnika bazalara yerləşdirilir.
"Ölkəmizdə pambıqçılığın inkişafı kənd təsərrüfatında prioritet sahələrdən olduğundan pambığın becərilməsində texnoloji əməliyyatları yerinə yetirmək məqsədilə bu il 41 adda 1 313 ədəd müxtəlif kənd təsərrüfatı texnikası alınıb. 40 ədəd traktor, 54 ədəd kotan, 48 ədəd riper, 162 ədəd pnevmatik və 74 mexaniki çiyid səpən maşın,119 ədəd mala, 184 ədəd kultivator, 94 ədəd gübrə səpən maşın, 149 ədəd çiləyici, 183 ədəd traktor qoşqusu və başqa yeni texnika fermer təsərrüfatlarının istifadəsinə verilib", - deyə sənəddə qeyd olunub.
Ümumiyyətlə, Azərbaycanda pambıq əsasən Sabirabad, Saatlı, İmişli, Bərdə, Ağcabədi, Biləsuvar, Beyləqan, Salyan, Ağdaş, Ağsu, Neftçala rayonlarda əkilib və bol məhsul yığımı gözlənilir.
Fermerlər texnika ilə bağlı "Aqrolizinq"in rayon bölmələrinə müraciət edə bilərlər. Səhmdar Cəmiyyətin 12 regionda nümayəndəliyi, 47 rayon bölməsi fəaliyyət göstərir. Rayon bölmələrinin istifadəsində 247 ədəd traktor, 818 ədəd müxtəlif kənd təsərrüfatı maşını var.
Nazirlik hər hansı problemlə qarşılaşarlarsa, fermerlərdən sabit (rayon, şəhər) telefonla 1652 telefon nömrəsinə ödənişsiz zəng edib, Çağrı Mərkəzinə məlumat verməyi xahiş edib.