"İlk oyunlar hər zaman çətin olur. Ölkəsinin çempionu və kubokun qalibi olmuş komandanı zəif adlandırmaq olmaz. Çempionlar Liqasında istənilən ölkənin güclü komandası çıxış edir. Bu baxımdan istənilən rəqiblə oynamaq bizim üçün çətin olacaq".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandasına Çempionlar Liqasının II təsnifat mərhələsində rəqib olacaq Lüksemburq "Düdelanj"ı barədə danışarkən deyib.
44 yaşlı mütəxəssis püşkatmanın nəticəsini belə dəyərləndirib: "Son zamanlar Lüksemburq futbolunda inkişaf göz qabağındadır, 14 komandalı çempionatları var və Lüksemburq çempionatında rəqabət də istənilən səviyyədədir. "Düdelanj" da ölkəsinin çempionatında uzun müddət məğlub olmayıb və daim qələbə qazanmaq üçün vuruşan komandadır. Ümumiyyətlə, bu rəqib bizim Çempionlar Liqasının bu mərhələsində qarşılaşdığımız güclü komandalardan biridir. Bizi çətin oyun gözləyir, potensial 5 rəqibdən qismətimizə "Düdelanj" düşdü. Bu gündən etibarən sırf bu oyun üçün hazırlaşmağa başlayacağıq".
Qeyd edək ki, "Qarabağ" ilk oyununu 12-13 iyulda Bakıda, cavab görüşünü isə 19-20 iyulda Lüksemburqda keçirəcək.