Azərbaycanın mövcud potensialı xarici və daxili turistləri cəlb etmək üçün bütün turizm növlərinin təşkilinə imkan verir. Bu potensialı əsas etibarı ilə üç qrupa bölmək olar: gözəl təbiət, mədəniyyət və maraqlı tarixi abidələr, təhlükəsizlik və yüksək səviyyəli infrastruktur, beynəlxalq standartlara uyğun peşəkar xidmət. Azərbaycanda bunların hər üçü var. Bunlar isə turistləri ölkəmizə cəlb edir. Onlar nəinki Bakıya, eyni zamanda bölgələrə maraq göstərirlər. Xüsusilə son illərdə turizm mərkəzlərindən biri kimi Qəbələ rayonuna maraq artıb. Bu rayonun füsunkar təbiəti, burada yaradılan müasir turizm infrastrukturu nəinki isti yay fəslində, hətta soyuq qış aylarında da turistlərin diqqətini cəlb edir. Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu otellər və müasir istirahət mərkəzləridir. "Qafqaz” brendi altında fəaliyyət göstərən beşulduzlu otellər, o cümlədən “Qafqaz Resort”, “Qafqaz Riverside”, “Qafqaz Sport”, “Qafqaz Karvansaray” otelləri xidmətin səviyyəsinə görə ölkənin ən qabaqcıl otelləri sırasındadır. Ümumilikdə, rayondakı turizm obyektlərində gün ərzində 2500 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. 2015-ci ildə Qəbələ rayonuna gələn xarici və yerli turistlərin sayı 50 min 200 nəfər olub.
Turist axının artmasına səbəb əvvəlki illərlə müqayisədə otel və restoran xidmətlərinin qiymətlərində endirimlərlə bağlıdır. Buradakı məşhur otellərdə bir gecəlik qiymətlər 40 manatdan 100 manatadək dəyişir. Bu qiymətə səhər yeməyi, hovuz, əyləncə məkanlarından istifadə də daxildir. İki və üçulduz otellərdə daha ucuz qiymətlər təklif edilir. Özəl evlərdə qalmaq isə qidasız bir nəfər üçün təxminən günü 20 manata təklif olunur. Burada hər kəs öz cibinin imkanlarına uyğun məkan seçə bilər.
Maraqlıdır ki, turistlər milli yeməklərimizə daha çox üstünlük verirlər. Fransadan gələn Jozefina Saqan Azərbaycan mətbəxtinin dadına baxmağı xoşladığını deyir: “Əsasən dolma və qutabı çox xoşladım. İraqda olarkən plov yemişdim. Amma Qəbələdəki plov daha dadlıdır. Kabablarınızı da çox xoşladım. Vətənimə qayıdanda burdakı yeməklərdən aparacağam. Əsas dolma və qutab». Malaziyalı turist Fatima Seva isə Həmzəli halmasına məftun olduğunu söyləyib. Bu reallıqdan xəbər verir. Çünki Azərbaycan kulinariyası tarixi kökləri və özünəməxsusluğu ilə regionun xüsusiyyətlərini özündə birləşdirir. Milli mətbəx turizm sektoru üçün geniş imkan təklif edir. Ət və balıq yeməkləri, göyərti və tərəvəzdən hazırlanan təamlar turistləri cəlb edir. Müxtəlif növ paxlavaları, qozla hazırlanan Həmzəli halvasını Qəbələdən başqa heç yerdə görmək olmur. Döşəməli plov və daşarası kababı isə Qəbələ mətbəxinin şahı sayılır. Qiymətlər də münasibdir. Bir sözlə Qəbələdə qonaqpərvərlik və zəngin mətbəx mədəniyyəti turizmin inkişafına böyük təkan verən səbəblərdəndir.
Turist axını bir tərəfdən yuxarıda qeyd etdiyimiz amillərlə, digər tərəfdən də Qəbələnin son illər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, bu rayona işgüzar səfərə gələnlərin sayının artırması ilə bağlıdır. Qəbələ rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova gözəl təbiəti olan qədim və müasir Qəbələ şəhərinin son illər bir çox beynəlxalq tədbirlərə, festivallara ev sahibliyi etdiyini və məhz bu amilin turistlərin rayona axınına təkan verdiyini bildirib. O, bundan əlavə, Qəbələdə “Tufandağ” Qış-Yay İstirahət Kompleksində kanat və xizəkçilik mərkəzinin, Stend və Ox Atıcılığı Kompleksinin, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzinin turistlərin marağını daha çox cəlb etdiyini də vurğulayıb.
Qeyd edək ki, şəhərin Heydər Əliyev adına Konqres Mərkəzində hətta, dövlət başçıları səviyyəsində zirvə görüşlərinin keçirilməsinə yaradılmış şərait dünya standartlarının bütün tələblərinə tam cavab verir. Ənənəvi Qəbələ beynəlxalq musiqi festivalının sorağı da bu gün dünyanın hər yerinə yayılıb. Festivala hər il məşhur musiqiçilər və bəstəkarlar, tanınmış ifaçılar toplaşır, çoxsaylı turistlər gəlir. "Ölkəmizin beynəlxalq nüfuzunun formalaşması və inkişafında siyasət, idman, iqtisadiyyat və mədəniyyət əsas rol oynayır. Bu baxımdan paytaxtdan kənarda, kurort zonasında belə möhtəşəm musiqi festivalının keçirilməsi mühüm hadisədir". Bu sözləri Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü Yalçın Adıgözəlov deyir. Onun sözlərinə görə, Qəbələ festivalının keçirildiyi günlərdə klassik musiqi həvəskarları ABŞ, Rusiya, İngiltərə, Fransa, İtaliya, İsrail, Azərbaycan və digər ölkələrin tanınmış musiqiçilərinin ifasında ölməz əsərlər dinləmək imkanı əldə edirlər. Bununla yanaşı. qonaqlar rayonun müasir turizm obyektlərində dincəlir, tarixi abidələri ilə tanış olur, əsrarəngiz təbiətini (meşə, şəlalə, göl və s.) seyr edirlər. Eyni zamanda xidmət qarşılığında pul xərcləyirlər. Festival həm də Qəbələnin turizm potensialının reklamında, zəngin mədəniyyətimiz vasitəsilə ölkəmizi dünyada tanıdılmasında rol oynayır.
Turistləri Qəbələyə cəlb edən səbəblərdən biri də onun bitki və heyvanat aləmi qeyri-adi dərəcədə zəngin olmasıdır. Onun meşələrində və dağ otlaq sahələrində marala, qabana, boz dovşana, ayıya, canavara, tülküyə, çoxlu sayda nadir quşlara – qırqovula, kəkliyə, turaca və digərlərinə rast gəlmək olar. Mövsüm vaxtı dağlarda vəhşi quşların bolluğu rayona çox sayda ovçu cəlb edir. Məsələn, bir neçə il bundan əvvəl İsveç yığmasının və Fransanın PSJ klubunun ulduz futbolçusu Zlatan İbrahimoviç Qəbələdə olub. Ulduz futbolçunun ova marağı olduqca böyükdü. Zlatan həm də ekstremal idman növlərinin azarkeşidi. Qəbələdə isə bunlar üçün hər bir şərait var. Qeyd edim ki, İbrahimoviç ölkəmizə ova gələn ilk məşhur deyil. Bundan öncə Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun övladlarından biri – Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid də Qəbələdə ovla məşğul olub, çəkilləri mətbuatda yayılıb. Turizmin bu sahəsi kifayət qədər bahalıdır. Və böyük gəlir gətirir.
Qeyd edək ki, Qəbələdə yay turizmi ilə yanaşı qış turizminin inkişaf etdirilməsi üçün də əlverişli şərait var. Rayonda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin istifadəyə verilməsi ilin müxtəlif mövsümlərində rayona turistlərin gəlməsini təmin edir. Burada gecələmək istəyənlər üçün Kompleks ərazisində Qafqaz Tufandag Mountain Resort Hotel fəaliyyət göstərir və bir gecəlik qiymət 190 manat təşkil edir. Kompleksdə kanat yollarında gəzinti 6 yaşadək olanlar üçün pulsuz, 6 yaşdan yuxarı olanlar üçün isə 10 manat təşkil edir. Xizək yollarında sürüşmək üçün lazım olan geyimlər yarım gün üçün 10 manat, bir gün üçün 15 manat, iki gün 25 manat, üç gün 30 manata təqdim olunur.
Görülən işlərin nəticəsidir ki, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ölkəmizdə davam edən tətil günlərində Qəbələdə, o cümlədən bu Kompleksdə istirahət edən turistlərin sayı xeyli artır. Həmin günlərdə rayona gələn yerli və xarici turistlərin ixtiyarına əyləncə mərkəzləri və attqaksionlar verilir. Əsasən də hava şəraitinə uyğun gəzinti və ekskupsiyalar, qayıqla balıq ovu və qış fəsli üçün ən maraqlı olan qarlı havada motorlu xizəkdə gəzinti təşkil olunur. Nargilə Qafarova deyib ki, bayram günlərində istirahət etmək üçün bu rayona gələn yerli və xarici turistlərin sayı ötən ildəkindən 2 dəfə çox olub: "Yeni ildə qarlı dağlarda motorlu xizəklərlə, at və faytonlarla gəzintiyə çıxmaq, kanatla dağlarda gəzmək və buz üstündə xizəklə sürüşmək, meşələrdə heyvan və quş ovlamaq, göllərdə qayıqla gəzmək və balıq tutmaq barədə düşünənlərin arzusu Qəbələdə gerçəkləşib. Rayonda əsl bayram həyəcanı yaşanıb, bütün otellər, istirahət və əyləncə mərkəzləri turistlərlə dolu olub". Onun sözlərinə görə, bayram günlərində qonaqların istirahətinin mənalı təşkili üçün otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər keçirilib. Yerli və xarici turistlər Qəbələnin zəngin tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə yaxından tanış olublar. Ümumilikdə, 3 minə yaxın yerli və xarici turistə xidmət göstərib. Novruz bayramında isə təqribən 16 min qonaq şəhəri ziyarət edib. Qəbələyə gələn turistlər təkcə rayon mərkəzini gəzməklə kifayətlənməyib, həm də dağ kəndlərinə üz tutublar. Yeni ili və Novruz bayramlarında Qəbələdə qarşılayanlar arasında Hindistan, Türkiyə, Rusiya və Latviyadan gələnlər də olub. Təbii ki, ölkəyə gələn turistlər Azərbaycan xalqının qonaqpərvərliyini, mədəniyyətini, tarixini görür və bu barədə öz ölkələrində danışırlar. Əminəm ki, bu, Azərbaycanın turizm sənayesinin inkişafına əhəmiyyəti dərəcədə təsir edir. Bütün dünya mediası Azərbaycan haqqında yazır və Azərbaycan dünyada geniş təbliğ olunur. Əlbəttə, bunu görən insanlar Azərbaycanla maraqlanır, ölkəyə gəlmək istəyir.
Qəbələnin çox sayda tarixi abidələrni, maddi-mədəniyyət nümunələrini də unutmaq olmaz. Tarix-diyarşünaslıq muzeyində bu diyarın qədimliyini əks etdirən yüzlərlə eksponat, tarixi maddi-mədəniyyət nümunələri Qəbələ haqqında tam təəssürat yaradır. Hazırda muzeydə 12 mindən çox tarixi-elmi əhəmiyyətə malik əşya saxlanılır. Bütün bu nümunələr Qəbələnin 2500 illik tarixinin əyani sübutudur. Gəzdikləri məkanın tarixi ilə maraqlanan turistlər isə kifayət qədərdir.
Maliyyə stabilliyinə nail olmağa imkan verir
Aydındır ki, turistlərin ölkəyə gəlməsi, xidmət sektorundan istifadə etməsi, otellərdə qalması Azərbaycan iqtisadiyyata qoyulan sərmayə kimi qiymətləndirilir. Beynəlxalq qiymətləndirmələrə görə, Azərbaycana gələn hər bir turist həftə ərzində 1000 dollar, müəyyən tədbirlər zamanı isə ən azı 2000 dollar pul xərcləyir. Bu maliyyə stabilliyi baxımından olduqca vacibdir. Çünki, ölkəyə gələn turistlər özləri ilə xarici valyuta gətirirlər və xarici valyutanı yerli valyutaya, yəni manata çevirirlər. Bu da Azərbaycana, o cümlədən Qəbələ rayonuna gəlir əldə etmək imkanı qazandırır. Bundan başqa, turizm sektoru Qəbələ rayonunda iqtisadiyyatın əlverişli bir hissəsi olmaqla kiçik və orta sahibkarlıq üçün möhkəm baza yaradır, yeni iş yerlərinin açılmasına kömək edir, onun infrastrukturunun formalaşdırılmasında mühüm rol oynayır.
İqtisadçı Vahid Əhmədovun sözlərinə görə, Qəbələdə yüksək ixtisaslı kadrların və ciddi peşə hazırlığının olması da çox müsbət haldı və bu, turizmin rayonun sosial-iqtisadi inkişafında önəmli rol oynamasına xidmət edir.
Qeyd edək ki, turizm nəinki səyahətlərin praktiki reallaşdırılması sahəsidir, o həmçinin xüsusi biliklər sahəsinə, yəni nəzəri fəaliyyət sahəsinə çevrilməkdədir. Bununla belə, nadir təbiət və iqlim ehtiyyatları, həmçinin mədəni irs Qəbələ turizminin uğurlu inkişafını təmin edən yeganə və kifayət edəcək şərt kimi nəzərdən keçirilə bilməz, çünki bunlar yalnız turizm təklifinin elementlərindən biridir. Burada təbliğat da çox önəmlidir. Hazırda bu istiqamətdə işlər görülür. Məsələn, Azərbaycanın beynəlxalq turizm sərgilərində iştirakı, dünyanın aparıcı televiziya kanallarında Azərbaycanın və Qəbələ rayonun turizm potensialını əks etdirən reklam çarxlarının yerləşdirilməsi, müxtəlif ölkələrin turizm təmsilçiləri və media nümayəndələrinin ölkəmizə infoturlarının təşkili təmin edilir. Artıq Azərbaycan il ərzində 20-yə yaxın beynəlxalq turizm sərgisində təmsil olunur, ölkəmizin turizm imkanlarını əks etdirən filmlər və reklam çarxları 2006-cı ildən etibarən dünyanın nüfuzlu televiziya kanallarında (CNN, "Euronews", "Travel Channel", BBC, CNBC, "Eurosport", "National Geographic", TV5 MONDE) yayımlanır, eyni zamanda xarici ölkələrdə turizmin təbliği məqsədilə 50-yə yaxın müxtəlif növ və dillərdə informasiya xarakterli reklam-çap məhsulları hazırlanıb paylanır.
Beləliklə, yaranmış imkandar səmərəli istifadə etməklə, ölkəyə xarici turistlərin marağını təmin etməklə Qəbələni dünyanın aparıcı turizm mərkəzinə çevirmək üçün hər cü imkanımız var. Bu, turizmlə bağlı olan 30 sahənin inkişafı, yeni iş yerləri, dövlət büdcəsinin gəlirlərinin artması, ölkəyə xarici valyuta axını deməkdir. Göründüyü kimi, Azərbaycanın qeyri-neft sektoru kimi turizm böyük ümidlər vəd edir.
Emin Nəbili
Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur