İyunun 1-də saat 06:00-dan etibarən "İnşaatçılar" metro stansiyasının təmirə bağlanmış ikinci vestibülü yenidən sərnişinlərin istifadəsinə veriləcək. "Report" xəbər verir ki, məlumatı "Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev yayıb.
Qeyd edək ki, yanvarın 18-dən stansiyada 30 illik istismar müddətini başa vurmuş "ET-5" tipli üç eskalatorun sökülməsinə və onların müasir analoqları ilə əvəzlənməsinə başlanılıb. Stansiyada sökülmüş avadanlığın əvəzində Almaniyanın "Thyssen Krupp" şirkətinin "Tugela FT 945" tipli iki eskalator quraşdırılıb. Stansiya platformasına enən sərnişinlər isə yeni inşa olunmuş daş pilləkəndən istifadə edəcəklər.
"Eskalatorlar təhlükəsizlik və sərnişin rahatlığı tələblərinə uyğun olaraq, növbə ilə yalnız qalxmaq üçün işlədiləcək. Onlar müasir standartlara uyğun olaraq 0,65 metr/saniyə sürəti ilə hərəkət etməklə, ən müasir idarəetmə sistemləri ilə təchiz olunub", - deyə N.Paşayev qeyd edib.
Yeni eskalatorların quraşdırıldığı müddətdə sərnişinlərin giriş-çıxışı üçün bağlı olan ikinci vestibülün mərmər-qranit örtüyü dəyişdirilib, xidməti otaqlarda müvafiq təmir işləri yerinə yetirilib.