Repetitorluq ləğv olunsa, uşaqlar yüksək nəticə göstərə bilərmi?

09:55 - 11 Fevral 2025 - Cəmiyyət

Biz təhsilin bir dövrəsinə gəlib çatmışıq ki, uşaqlar 1-ci sinifdən repetitor yanına gedir, sanki məktəb yoxmuş kimi… Bu, təhsilin uğursuzluğu deyilmi? Əgər məktəb lazımi bilik vermirsə, repetitor sistemini günahlandırmaq nə qədər doğrudur?

Repetitorluq tədricən ləğv olunsa, bəs yerinə nə qoyulacaq? Məktəblər nə qədər hazırdır? Müəllimlər dərs yükü, şagird sayı, proqramın ağırlığı ilə repetitorluq olmadan eyni nəticəni təmin edə biləcəkmi?

Ucnoqta.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında yazıb. Ekspert bildirir ki, hazırlıq sistemini ləğv etməklə problemi həll etmirik:

"Təhsili keyfiyyətli etmədən, repetitorluğu ləğv etməyə çalışmaq, xəstəlik müalicə olunmadan dərmanı atmaq kimidir. Əsas məsələ məktəbdə elə təhsil verməkdir ki, repetitor ehtiyacı yaranmasın.

İbtidai siniflərdə uşaqların repetitor yanına göndərilməsi onların uşaqlığını əlindən almaqdır. Amma orta və yuxarı siniflərdə bəzi fənlər üzrə əlavə dəstək həmişə lazım olacaq. Hər şagird fərqlidir və məktəbdə hamının eyni templə öyrənməsi mümkün deyil. Əsas məsələ odur ki, repetitorluq məcburiyyət yox, seçim olsun".

Kamran Əsədov qeyd edir ki, əgər məktəblər yetərincə güclü olsa, repetitorluq təbii olaraq azalacaq:

"Amma məktəbləri dəyişmədən, sadəcə repetitorluğu ləğv etməklə, biz sadəcə uşaqların əlindən bir şans almış oluruq. İslahat ən zəif halqadan yox, sistemin özündən başlamalıdır!"

Xəbər xətti