“Qumar, mərc oyunlarının reklamına çəkilən məşhurlar, blogerlər cəzalandırılmalıdır”

10:17 - 27 Sentyabr 2024 - Cəmiyyət

“Məşhurların, tanınmış blogerlərin, idmançıların bu cür qanunsuz oyunların reklamına çəkilmələri olduqca pis haldır. Bir çox insanlar onları təqlid edirlər, onların yolu ilə gedirlər. İnsanlarda həvəs əmələ gəlir ki, məşhurlar mərc, qumar oyunlarını reklamına çəkilirlərsə, deməli, yaxşı işdir, sonda qazana bilərlər. Təəssüf edirəm, hazırkı qanunvericiliyimiz də kifayət qədər mükəmməl deyil ki, həmin məşhurlar məsuliyyətə cəlb olunsunlar. Hər bir halda çəkildikləri reklamlar qanun pozuntusudur. Buna görə də cəzalanmalıdırlar. Qumarxana saxlamaq da hüquqi məsuliyyətə səbəbdir. Bu, təkcə mənəvi məsələ deyil. Demirəm ki, həbs olunsunlar, heç olmasa başa düşsünlər. Əvvəl həmin məşhurlara xəbərdarlıq olunmalıdır, onlara  cərimələr tətbiq edilməlidir ki, bu, cəmiyyətin mənəvi aurasını korlayır, həm də qanun pozulur”. 

Bu sözləri Pravda.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. 

“Bəzən mən Sovet dövründən misal gətirəndə elə bilirlər ki, həmin dövrü mədh edirəm. Söhbət budur ki, o dövrün özünə uyğun müsbət cəhətləri olub. Sovet dövründə qumar, mərc oyunları zəhmətsiz gəlir hesab olunurdu. Dövlət qanununa əsasən, həmin şəxslər cəzalandırılırdı. Bunlar həm də tüfeyli həyat tərzinin bir hissəsi sayılırdı. İnsanlar faydalı işlərlə deyil, qumarla, mərclə məşğul olurlar... Qanunsuz mərc, qumar oyunları reklam olunmamalıdır. Yəni mənəvi baxımdan qəbulolunmazdır”, - o bildirib. 

Xəbər xətti