AFFA klubları cəzalandırdı

12:42 - 16 May 2024 - İDMAN

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Ucnoqta.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 34-cü turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

Misli Premyer Liqasında 34-cü turun “Neftçi” – “Kəpəz” oyununun 75-ci dəqiqəsində qonaq komandanın futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Kəpəz” 1500 manat cərimə edilib.

Misli Premyer Liqasında 34-cü turun “Zirə” – “Qarabağ” oyununun 89-cu dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” klubuna xəbərdarlıq edilib.

“Zirə” – “Qarabağ” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ”  700 manat cərimə edilib.

Misli Premyer Liqasında 34-cü turun “Sumqayıt” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 800 manat cərimə edilib.

Misli Premyer Liqasında 34-cü turun “Qəbələ” – “Sabah” oyununun 65-ci dəqiqəsində qonaq komandanın futbolçusu Davit Volkov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Sabah”  3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Xəbər xətti