“Nazirə dedim ki, özünü bu məddahlardan qoru” - Xalq artisti

19:52 - 15 May 2024 - Mədəniyyət

“Təbrikiniz və diqqətiniz üçün çox sağ olun. Bu gün səksən yaşım tamam olur. Orxan Fikrətoğlu da zəng vurmuşdu və bildirdi ki, mənim məsələmə görə onu Mədəniyyət Nazirliyinə çağırıblar. Biz bir neçə dəfə mədəniyyət naziri Adil Kərimli ilə görüşmüşük və mənə çox diqqət göstərib”.

Bunu Bakupost.az-a açıqlamasında Xalq artisti, kinorejissor Əbdül Mahmudbəyov deyib.

O qeyd edib ki, kino adı ilə, yalandan hökumət tədbiri adı ilə gözə girənlərin heç birinin xalq və dövlətə aidiyyəti yoxdur:

“Yaltaq, məddah qrupudurlar. Adil müəllimə demişəm ki, özünü bu məddahlardan qoru. Əlisəttar Atakişiyevdən, Cəfər Cabbarlıdan üzü bəri baxın, görün, onların hansı birinin avtobioqrafiyası mənim avtobioqrafiyam qədər zəngindir, mənim qədər iş görüblər və onda mənə deyin ki, danışma. Amma bu nə yanaşmadır, münasibətdir, bilmirəm”.

Əbdül Mahmudbəyov bu yaşa qədər həyatda hədər yaşamadığını bildirib:

“Hər şey insanın öz ruhu, işi ilə və bir də ki, ailəsi ilə bağlıdır. Allaha şükür, qohum-əqrəba, balalar hamısı öz yerində, ailədə heç bir söz-söhbət yoxdur, nazımı çəkirlər. Ona görə Allahdan razıyam. Çox yaxşı bir ailədə dünyaya gəlmişəm və bu da Allahın yazısıdır. Özüm də həmişə çalışmışam ki, ailəmin adına, şanına-şöhrətinə xələl gətirməyim. Allah mənə səksən il ömür və hər şey verib”.

Xəbər xətti