“Yüksəliş”in onlayn mərhələsi başlayacaq

16:02 - 9 Aprel 2024 - Xəbər

“Yüksəliş” müsabiqəsi iştirakçılarının gözlədiyi onlayn mərhələ tezliklə start götürəcək.

Ucnoqta.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev bildirib.

Onun sözlərinə görə, 5 mərhələdən ibarət olacaq “Yüksəliş” müsabiqəsinin dördüncü mövsümü aprelin 14-ü saat 11:00-da onlayn mərhələnin “Ümumi biliklər imtahanı” üzrə sınaq imtahanı ilə başlayacaq. İmtahan hər blok üzrə 25 sual olmaqla “Azərbaycan bloku”, “Dünya bloku”, “İdarəetmənin əsasları”, “Müasir trendlər” blokları üzrə aparılacaq. Ötən illərdən fərqli olaraq, onlayn mərhələ “Ümumi biliklər imtahanı” və CV turu olmaqla 2 hissədən ibarətdir. Sistemə giriş isə 1 saat öncədən aktiv olacaq.

Qarşıdan gələn onlayn mərhələ haqqında məlumat verən İşçi qrupunun rəhbəri deyib ki, ümumilikdə qeydiyyatdan keçən 15877 nəfər namizədin ərazi üzrə bölgüsündə Bakı, Abşeron-Xızı, Lənkəran-Astara və Qarabağ zonalarından olan namizədlər üstünlük təşkil edir:

"Universitetlər üzrə qeydiyyat statistikasına əsasən bakalavriat təhsili üzrə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri sayca ilk sıralarda yer alırlar. Sevindirici hal isə ondan ibarətdir ki, ötən illərlə müqayisədə qadın iştirakçıların sayında artım müşahidə olunub".

Fərhad Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qeydiyyatı ilə bağlı bəzi statistikaları da açıqlayıb. O deyib ki, ənənəvi olaraq dövlət sektoru üstünlük təşkil edir:

“Belə ki, 148 nəfər beynəlxalq qurumdan, 8 961 nəfər dövlət qurumlarından, 204 nəfər QHT, 6665 nəfər özəl sektordan müsabiqəyə qatılırlar. Gender statistikasına görə isə, müsabiqəyə qatılanlar arasında kişilər üstünlük təşkil ediblər. Belə ki, müsabiqəyə qatılan 11423 nəfər kişi, 4454 nəfər qadın olub. Yaş qrupları üzrə statistikaya görə, 21-30 yaş üzrə iştirak edənlər 37.27%, 31-40 yaş üzrə 51.2%, 41-51 yaş üzrə 11.53% təşkil edib”.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Xəbər xətti