Gürcüstanın beynəlxalq turizmdən əldə etdiyi gəlir ötən il rekord həddə - 4,1 milyard dollara çatıb ki, bu da 2022-ci ilin göstəricisini 17,3% ötüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyası məlumat yayıb.
"2023-cü ildə beynəlxalq turizmdən əldə olunan gəlir [pandemiyadan əvvəlki] 2019-cu ilin səviyyəsini 26,2% (856,7 milyon dollar), 2022-ci ildə isə 17,3% (608,7 milyon dollar) ötüb. Gürcüstan 4,1 milyard dollarla rekord gəlir əldə edib", - hesabatda deyilir.
Departamentin məlumatına görə, ötən il əcnəbi vətəndaşlar tərəfindən Gürcüstana turizm məqsədi ilə 4 milyon 669 min 467 səfər olub ki, bu da 2022-ci ilin göstəricisindən 27,8 faiz çoxdur. Ümumilikdə, ötən il Gürcüstanın qeyri-rezidentləri ölkəyə 7 milyondan çox səfər edib. İl ərzində bu rəqəm 30,3% artıb. 2023-cü ildə Gürcüstana ən çox səfər edən Rusiya vətəndaşları olub - 1,4 milyondan çox, bu, əvvəlki illə müqayisədə 30,5% çoxdur. İkinci yerdə Türkiyə vətəndaşları (1,3 milyondan çox), üçüncü yerdə 962 mindən çox Ermənistan və 217 mindən çox İsrail vətəndaşları gəlir.