Azərbaycan Mərkəzi Bankı (AMB) "PAŞA Bank” ASC-yə qarşı 3 109 manat maliyyə sanksiyası tətbiq edib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlmata görə, bank sektorunda izafi likvidliyin effektiv idarə edilməsi və likvidliyin konsentrasiyasının azaldılması məqsədilə məcburi ehtiyat normalarından istifadə olunur. Banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər AMB haqqında qanuna əsasən, qurumun “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması” qaydası ilə tənzimlənir. Bundan irəli gələrək, banklar tələb olunan məcburi ehtiyatları Qaydaya müvafiq surətdə AMB-də olan müxbir hesablarında saxlanmasını təmin etməlidirlər.
15 dekabr 2023-cü il – 14 yanvar 2024-cü il tarixlərini əhatə edən saxlama dövründə “PAŞA Bank” xarici valyuta ilə məcburi ehtiyatları tələb olunan normaya uyğun təmin etmədiyinə görə qanunun 32-ci maddəsinə müvafiq olaraq kredit təşkilatı cərimələnib.