Azərbaycana ötən ildən iki dəfə çox qoyun idxal olunub

11:57 - 16 Yanvar 2024 - İQTİSADİYYAT

2022-ci ildə ölkəmizə 194 min 562 baş diri qoyun idxal olunub, bunun 90,4%-i Gürcüstandan ölkəmizə gətirilib. 2023-cü ilin ilk 10 ayında isə artıq məmləkətə 312 min 933 baş diri qoyun idxal olunub, yəni, 10 aya 2022-ci ildən az qala 2 dəfə çox idxal olub ki, bunun da 214 min 191 baş diri qoyun Gürcüstandan gətirilib.

Ucnoqta.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib. Natiq Cəfərli qeyd edir ki, Gürcüstanda bu işlə məşğul olanlar, əsasən, soydaşlarımızdır, Gürcüstan türkləridir, tək bizə yox Türkiyəyə də böyük həcmdə ət ixrac edirlər:

 "Yaxşı, eyni candan-qandan olan soydaşlarımız nədən Gürcüstanda ciddi uğur qazanıb qoyunçuluğu, maldarlığı inkişaf etdirə bilirlər, Azərbaycanda isə yox?! Çünki, ciddi sistem fərqi var, Gürcüstanda kiçik-mikro sahibkarlar 1% vergi verir, bizdə 20% tələb edirlər, Gürcüstanda aqrar sektorla tək hökumət deyil də, seçilmiş yerli özünüidarə institutları, bələdiyyələr, mer institutları məşğul olur. Gürcüstanda aqrar sektora, bölgələrdə fermerlərə verilən kredit faizləri Tiflisdən 30-40% aşağıdır, bəzi proqramlara görə faizsizdir, bizdə isə regionlarda kredit faizləri Bakıdan 2 dəfə artıqdır.

Sonra da məmurlar çıxıb deyirlər ki, quzu əti 20 manat işbazlara görə olub, işbaz əla sözdü, işini sevən deməkdir, pulbaz məmurdan 1000 dəfə yaxşıdır. Belə..."

Xəbər xətti