Ermənistan Azərbaycanla sərhəddə ABŞ bayrağı qaldırdı - FOTO

14:35 - 20 İyun 2023 - Xəbər

Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq, zavodun hündürlüyü 30 m, sahəsi 16500 kvadratmetr olacaq. GTB Steel şirkətinin təsisçiləri Ermənistanın Yerasxında tikilməkdə olan metallurgiya zavodunun ərazisində ABŞ bayrağını qaldırmaq qərarına gəliblər.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, zavodda Amerika bayrağı ilə yanaşı, Ermənistan bayrağı da qaldırılıb.

Bayrağın qaldırılması mərasimi bu gün baş tutub.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü QHT-lər Ermənistanın Naxçıvanla sərhədində metallurgiya zavodunu inşa etməsinə etiraz olaraq bəyanat yayıblar.

QHT-lər BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin ətraf mühit üzrə xüsusi məruzəçisi, BMT-nin zərərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçisi olmaqla, müvafiq beynəlxalq təşkilatlara müraciət edərək bildiriblər ki, Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır.

Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır.


Xəbər xətti