Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" iyunun 4-də keçirilən OPEC+ nazirlərinin 35-ci iclasından sonra Asiya, ABŞ və Avropadakı alıcılar üçün neftin qiymətini qaldırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” şirkətin məlumatlarına istinadən məlumat yayıb.
Arab Light markalı neftin qiyməti 0,45 dollar/barel artaraq Oman/Dubay etalonunun qiymətindən 2,55 dollar yüksək olacaq. Şirkət həmçinin Asiya bazarına çıxardığı neftin bütün növləri üzrə qiymətləri eyni məbləğdə artırıb.
ABŞ və Şimal-Qərbi Avropa üçün Saudi Aramco tədarük etdiyi bütün növ neftin qiymətini 0,9 dollar artırıb. Belə ki, ABŞ-da Səudiyyə nefti Argus Sour Crude Index (ASCI) ilə müqayisədə 7,15 dollar mükafatla alınacaq, Avropada isə Brentdən 3 dollar baha olacaq. Aralıq dənizi alıcıları üçün qiymətlər bütün növlər üçün də 0,6 dollar/barel artıb ki, bu da Brentdən 2,5 dollar bahadır.