Azərbaycanda pensiyalar niyə bu qədər azdır? - Ekspert

18:55 - 31 May 2023 - Cəmiyyət

"Azərbaycanda ən böyük problem təqaüdlərin aşağı olmasıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deputat Tahir Kərimlinin pensiya yaşının 50-55 yaşa endirilməsi ilə təklifini şərh edərkən deyib. Ekspert təqaüd yaşının ikinci dərəcəli olduğunu vurğulayıb: 

"Məsələn, 700-800 manat maaş alanlar təqaüdə çıxanda 280-400 manat təqaüd alır. Ona görə də heç kəs təqaüdə çıxmaq istəmir, hamı 80 yaşına kimi işləmək istəyir. Problem budur və bunun həlli yolları tapılmalıdır. İnsanlar daha yüksək təqaüd almalıdırlar ki, təqaüdə çıxmaq uğrunda mübarizə aparsınlar”. 

İqtisadçi ekspert deyir ki, deputatların heç birinin çıxışı problemlərə, fundamental rəqəmlərə əsaslanmayıb, daha çox kulis çıxışlardır: 

"Araşdırmaq lazımdır ki, pensiya yaşının təyin olunması ilə bağlı Azərbaycanda hansı addımlar atılmalıdır. Ən qəribəsi də budur ki,  Azərbaycanda əhalinin özü təqaüdə çıxmaq istəmirlər. Məsələn, başqa ölkələrdə pensiya  yaşı artırılanda ciddi etirazlar yaranır və biz onu görürük. Vətəndaşlar buna etiraz edir, çünki  verilən təqaüdlər çox yüksəkdir. Məsələn,  deputat Musa müəllimin dediyində həqiqət odur ki, büdcə təşkilatlarında işləyən, dövlət və hökumətdən maaş alanlar təqaüdə çıxmaq istəmirlər, onlar təqaüd yaşının artırılmasına razıdılar. Amma niyə razıdılar? Məncə əsas sual   budur. Ona görə ki, maaşlar təqaüddən daha yüksəkdir. Bundan əlavə dövlət müəssisələrində işləyənlərin maaşdan əlavə gəlirləri də olur. Müəllim, həkim və s. onların maaşları yüksək təqaüdləri isə azdır. Bu üzdən də onlar təqüdə çıxmaq istəmir”. 

Natiq Cəfərli bildirib ki, Azərbaycanda vətəndaşlar təqüdə çıxsalar da başqa yerdə işləmək istəyirlər: 

"Həm təqaüd, həm də maaş alsınlar ki, özlərini dolandıra bilsinlər. Bu problemin fundamental tələbləri bunlardır. Hökumətin nə vaxt bununla bağlı ciddi addımları olacaqsa, o zaman təqaüd yaşı ilə bağlı müzakirə aprmağa ehtiyac yaranacaq. Təqaüdlərin aşağı olması məsələsi həll olunmayana kimi yaşla bağlı məsələnin müzakirəsi cəmiyyətdə ajiortay yaratmaqdan başqa bir şey deyil”. 

Qeyd edək ki, Milli Məclisin plenar iclasında deputat Tahir Kərimli pensiya yaşının azaldılmasını təklif edib. Deputat deyib ki, bir çox ölkədə pensiyaya çıxmaq üçün yaş həddi bizdən aşağıdır: 

"Qadınlar 59, kişilər isə 62 yaşında pensiyaya çıxarılsın. Eyni zamanda 3 övladı olanlar 55, 5 övladı olanlar isə 50 yaşdan pensiyaya çıxsınlar”. 

 

Xəbər xətti