FHN sel təhlükəli kəndlərdə maarifləndirmə tədbirləri keçirdi - FOTO

10:00 - 31 May 2023 - Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən ötən günlər ərzində müvafiq regional mərkəzin əhatə etdiyi rayonların ərazisində sel təhlükəli kəndlərdə silsilə maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının nümayəndələri də iştirak edib.

Ucnoqta.az xəbər verir ki, tədbirlərin keçirilməsində məqsəd xüsusilə intensiv yağıntılarla əlaqədar çaylarda yarana bilən sel və daşqınlar zamanı zəruri təhlükəsizlik qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Yerli sakinlər, o cümlədən ictimai iaşə obyektlərinin əməkdaşları və turistlərlə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi məqsədilə bu kimi tədbirlər müntəzəm olaraq keçirilir.


Xəbər xətti