Bakıda telefonla danışaraq qəza törədən avtobus sürücüsü ilə bağlı RƏSMİ AÇIQLAMA

17:29 - 24 Yanvar 2023 - Cəmiyyət

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda telefonla danışan avtobus sürücüsünün qəza törətməsi məsələsinə münasibət bildirib. 

Bu barədə Oxu.Az-a qurumun Sərnişindaşıma şöbəsinin müdiri Vüqar Məmmədzadə danışıb. 

O bildirib ki, sözügedən hadisə ilə bağlı “Bus Trans” adlı daşıyıcı şirkətin məsul şəxsləri Agentliyə dəvət olunublar:

“Sürücü, dispetçer və daşıyıcı şirkət ilə danışıqlar aparılıb, hadisənin təfərrüatı araşdırılacaq. Qəzanın sürücünün telefonla danışması səbəbindən baş verdiyinə dair iddialar araşdırılacaq. Sürücünün izahatı alınacaq. Təbii ki, kamera görüntüləri də incələnəcək. Sürücü aidiyyəti dövlət qurumu tərəfindən inzibati məsuliyyətə cəlb olunacaq”.

16:48

Bakıda 60 nömrəli marşrut avtobusunun sürücüsü qəza törədib.

Bu barədə Baku.ws-in qaynar xəttinə məlumat daxil olub.

Şahidlərin dediyinə əsasən, sürücü telefonla danışdığı üçün avtobusu qarşıda hərəkət edən “Mercedes-Benz” markalı avtomobilə çırpıb.

Hadisə Əhmədli qəsəbəsi ərazisində qeydə alınıb.

Qəza zamanı sərnişinlərdən xəsarət alanların olduğu deyilir.

 

Xəbər xətti