Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Pakistan və Əfqanıstana qaz ixrac etmək imkanlarının nəzərdən keçirildiyini bildirib.
Ucnoqta.az “Pakistan Observer”ə istinadən xəbər verir ki, Avropa ilə münasibətləri gərgin vəziyyətdə olan Rusiya yeni bazarlar axtarır və Pakistana qazı Azərbaycan ərazisindən tranzit olaraq ixrac etmək imkanına malikdir.
Qəzet yazır ki, bunu Rusiya ilə İran qaz mübadiləsi (svop əməliyyatı) vasitəsilə həyata keçirə bilər. Rusiya Azərbaycanın qaz infrastrukturundan istifadə edərək İranın cənub bölgəsinə qaz nəqlini reallaşdıra bilər ki, bunun da müqabilində eyni həcmli qazı İran Pakistana ötürər. İranın neft naziri Cavad Ouci bildirib ki, rəsmi Tehran bu prosesdə iştirak etməklə maliyyə gəliri əldə edə bilər və cənub regionlarının qaz problemini aradan qaldırar.
Qeyd edək ki, Azərbaycan isə qaz ixracından tranzit gəliri əldə etməklə yanaşı, öz qazının tranzit imkanlarını və şaxələndirməsini artırar.